"Tramp bu addımla müəyyən müddət sonra Rusiyanı danışıqlar masasına oturtmaq istəyir" - AÇIQLAMA

Avropalı liderlərin Donald Trampın Rusiyaya qarşı sərt mövqe sərgiləməsini alqışlaması, onun dəyişkən xarici siyasətinin yeni mərhələyə keçdiyini göstərir. Tramp əvvəllər həm Rusiya, həm də Ukrayna ilə bağlı ziddiyyətli bəyanatlar versə də, son proseslər Vaşinqtonun yenidən Ukraynanı dəstəkləmək qərarına gəlməsi ilə nəticələndi. Bu, həm Avropanın təzyiqləri, həm də ABŞ-ın qlobal liderlik mövqeyini qorumaq istəyi ilə bağlıdır.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Crossmedia.az-a açıqlama verib:
"Donald Trampın son dövrlər Rusiyaya qarşı siyasətinin sərtləşməsində əsas səbəb yanvar ayından başlatdığı diplomatik cəhdlərin uğurla nəticələnməməsidir. Tramp gördü ki, Rusiya tərəfi əslində savaşın dayanmasında maraqlı deyil və vaxtı uzatmaqla sadəcə öz hədəflərinə çatmağa çalışır. Məhz bu səbəbdən Tramp Rusiyaya qarşı öz mövqeyini sərtləşdirir. Trampın dünənki açıqlamalarına diqqət yetirsək, Rusiya ilə bağlı gözlənilən sensasion açıqlamalar olmadı. NATO ilə razılaşmaya görə, NATO Ukraynaya lazım olacaq silahları xüsusən də hava hücumundan müdafiə sistemi cihazlarını təmin edəcək. Tramp bununla həm Ukraynanın yanında olduğunu bir daha göstərdi, həmçinin Rusiyaya da müharibəni bitirməsə daha ağır nəticələrin onu gözlədiyi mesajını verdi. Bu cür addımlar həmçinin ABŞ iqtisadiyyatının güclənməsi yolunda atılmış addımdır. Belə ki, ABŞ silahları Avropa dövlətlərinin maliyyə vəsaiti hesabına alınaraq Ukraynaya daşınır. Bu addım siyasi mənada da Trampın xeyrinədir. Çünki senatorlar Trampın Rusiyaya olan yumşaq siyasətindən narazı idilər. Bu mənada Tramp tənqidlərə bir qədər son verdi. Nəzərə alaq ki, Tramp həmçinin Rusiyaya tətbiq olunacaq sanksiya sənədlərinə də hələlik imza atmayıb. Tramp bu addım və açıqlamalarla müəyyən müddət sonra Rusiyanı danışıqlar masasına oturtmaq istəyir".
Ayhan
12:30 15.07.2025
Oxunuş sayı: 770