“Azərbaycan Dəmir Yolları” və Çin şirkəti Anlaşma Memorandumu imzalayıblar





“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Çinin “Xi'an Free Trade Port Construction and Operation Co., Ltd.” şirkəti (Sian Limanı) arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Crossmedia.az ADY-yə istinadən bildirir.
Qurumun nümayəndə heyətinin Çinə işgüzar səfəri çərçivəsində imzalanmış sənədə əsasən, ADY-nin Sian Limanında nümayəndəsi təyin edilib və konteyner meydançası açılıb.
Tərəflər bu sənədlə dəmir yolu nəqliyyatı və tranzit sahəsində, eləcə də rəqəmsal layihələrin icrası istiqamətində yeni əməkdaşlıq istiqamətlərini müəyyən ediblər.
ADY sədri Rövşən Rüstəmov Sian şəhərinin meri Ye Niu Pin və Sian Limanının rəsmiləri ilə görüşdə Azərbaycan və Çin arasında tranzit daşımaları, Orta Dəhlizin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsinin günün tələbinə çevrildiyini, Prezident İlham Əliyevin bu ilin aprelində Çinə səfərinin, bu səfər çərçivəsində hərtərəfli strateji əlaqələrin inkişafı üçün imzalanmış birgə sənədin “Kəmər və Yol Təşəbbüsü” çərçivəsində birgə fəaliyyətə mühüm töhfə verdiyini qeyd edib. O, son dövrdə ADY və Sian Limanının rəhbərlikləri arasında baş tutmuş görüşləri xatırladaraq danışıqların artıq nəticə verdiyini və ortaq təşəbbüslərin icrasına başlanıldığını bildirib.
R.Rüstəmov Anlaşma Memorandumunun imzalanmasını, bu sənəd çərçivəsində Sian Limanında ADY nümayəndəsinin təyin edilməsini və illik yükaşırma gücü 20 000 TEU olan konteyner meydançasının açılmasını, ADY nümayəndələrinin sürətli məlumat mübadiləsi üçün Sian Limanının əməliyyat sisteminə girişlə təmin edilməsini Orta Dəhlizin imkanlarının genişləndirilməsi və bu dəhlizlə yük axınlarının artırılması üzrə əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addım adlandırıb.
ADY sədri həmçinin çinli tərəfdaşlara Bakı Limanı barədə geniş məlumat verib, qeyd edib ki, Asiya və Avropa arasında yük axınının təmin edilməsində mühüm rol oynayan "Bakı Beynəlxalq Dəniz Limanı" bu yaxınlarda rəsmi olaraq ADY-nin strukturuna inteqrasiya edib və bu addım liman-dəmiryol əməliyyatlarının daha səmərəli koordinasiyasına, kompleks və optimallaşdırılmış logistika xidmətləri təqdim etməyə imkan verir.
“Xi'an Free Trade Port Construction and Operation Co., Ltd.”nin baş direktoru Yuan Syaodzyun ADY-nin Sian Limanında nümayəndəsinin təyini və konteyner meydançasının yaradılmasına dəstəyini ifadə edib. O, bildirib ki, Siana təyin edilən ADY nümayəndəsi və konteyner meydançası əməkdaşlığın gücləndirilməsini, yük daşımalarının daha sürətli və səmərəli təşkili üçün operativ müzakirələrin aparılmasını, müvafiq addımların atılmasını təmin edəcək.
Eyni zamanda, ADY və “Xi'an Free Trade Port Construction and Operation Co., Ltd.” Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə konteyner qatarlarının təşkili, Orta Dəhliz boyunca dəmir yolları, limanlar və Xəzər dənizi üzərindən daşımaların keçid qabiliyyətinin artırılması, Bakı–Tbilisi–Qars dəmir yolu xətti vasitəsilə Türkiyə və Avropaya çıxış imkanlarının genişləndirilməsi, data əsaslı hərəkət qrafikinin hazırlanması ilə əlavə yük axınının cəlb edilməsi üzrə əməkdaşlığın genişləndirilməsi üçün ortaq fəaliyyət istiqamətlərini təsdiqləyiblər.
Həmçinin tərəflər rəqəmsallaşma sahəsində daha geniş əməkdaşlıq məqsədilə real vaxt rejimində yük daşımalarının izlənməsi və məlumatların elektron mübadiləsi sisteminin yaradılması istiqamətində birgə işləməyə razılaşıblar.
ADY-nin beynəlxalq əlaqələrini, xüsusilə Çinin Sian Limanı ilə mövcud əməkdaşlığını daha da genişləndirəcək bu mühüm sənəd Azərbaycanla Çin arasında dəmir yolu sahəsində iş birliyinin güclənməsinə və Orta Dəhliz üzrə daşımaların səmərəliliyinin artırılmasına töhfə verəcək.
Bu ilin mart ayında Orta Dəhlizlə Sian Limanından birinci konteyner blok-qatarı yola salınıb. İlk qatar Bakıyadək məsafəni 11 günə qət edib. Ötən ilin noyabrında isə Azərbaycandan Çinin Sian Limanına ilk ixrac blok-qatarı ilə 62 ədəd 40 futluq konteyner yola salınıb. Hazırda ayda iki blok-qatar Bakıdan Siana göndərilir. Nəticə etibarilə yerli sahibkarlar üçün yüklərini birbaşa Çin bazarına çıxarmaq imkanı yaradılıb.
10:26 11.07.2025
Oxunuş sayı: 810