“Dirilik” məcmuəsinin transliterasiya toplusunun təqdimatı keçirilib

Bakı Kitab Mərkəzində XX əsr Azərbaycan mətbuat tarixinin dəyərli nümunələrindən olan “Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusunun təqdimat mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə yazıçılar, naşirlər, rəsmi şəxslər, media nümayəndələri və ictimaiyyət iştirak edib. Nəşr MİMTA Fondunun layihəsi əsasında, British Petroleum (bp) şirkətinin dəstəyi ilə MİMTA Yayımlarında çap olunub.
Tədbiri giriş sözü ilə açan bp şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bp Azərbaycanın mədəni irsinin qorunması və təbliğinə daim dəstək göstərir. O, “Dirilik” məcmuəsinin transliterasiyasını milli mətbuatın 150 illiyinə töhfə kimi dəyərləndirib.
Layihənin müəllifi, MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov bildirib ki, Fondun əsas hədəflərindən biri milli mətbuat irsini bərpa və təbliğ etməkdir. Onun sözlərinə görə, “Dirilik” məcmuəsinin transliterasiya işi geniş araşdırmalar və gərgin zəhmət nəticəsində həyata keçirilib. Əmirov daha əvvəl “İşıq” qəzetinin və “Füyuzat” jurnalının transliterasiyasını da uğurla reallaşdırdıqlarını xatırladıb.
Təqdimatda çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid, akademik Nizami Cəfərov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, millət vəkili Ceyhun Məmmədov və Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir “Dirilik” jurnalının milli ideya və maarifçilik baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Qeyd edək ki, “Dirilik” məcmuəsi 1914–1916-cı illərdə nəşr olunmuş və ümumilikdə 28 sayı işıq üzü görmüşdür. Jurnal Azərbaycanın milli kimliyi və ictimai düşüncəsinin formalaşmasında mühüm rol oynamışdır. Transliterasiya toplusunun rəyçisi və ön sözün müəllifi Rəşad Məcid, akademik məsləhətçisi professor Nizami Cəfərov, redaktoru isə Əsəd Aslanoğludur. Toplunun transliterasiyası Muxtar Cəfərli, Vüqar Mirzə və Əsəd Aslanoğlu tərəfindən aparılıb.
Nəşr, Azərbaycan mətbuat tarixi, milli ideologiyanın təşəkkülü və ictimai-siyasi mühitlə maraqlananlar üçün dəyərli bir mənbə hesab olunur.
20:41 10.07.2025
Oxunuş sayı: 1215