Türkiyə enerji oxunu gücləndirir – Bayraktar Vyanada strateji tərəfdaşlıqları müzakirə edib

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Avstriyanın paytaxtı Vyanada keçirilən 9-cu Beynəlxalq OPEC Seminarı çərçivəsində Azərbaycan, Venesuela, İraq və Qazaxıstanın energetika nazirləri ilə görüşlər keçirib. Görüşlərdə əsas diqqət enerji təhlükəsizliyi, yeni enerji marşrutları və üçüncü ölkələrdə birgə layihələrin həyata keçirilməsinə yönəlib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Azərbaycanla keçirilən görüşdə Türkiyə-Azərbaycan enerji tərəfdaşlığının Xəzərdən Avropaya uzanan enerji dəhlizinin dayanıqlılığında və təhlükəsizliyində oynadığı tamamlayıcı rol vurğulanıb. Türkiyə və Azərbaycan nazirləri – Alparslan Bayraktar və Pərviz Şahbazov bir daha təsdiqləyiblər ki, bu əməkdaşlıq regionun enerji təminatında strateji əhəmiyyət daşıyır.
Nazir Bayraktar bildirib ki, enerji sahəsində aparılan əməkdaşlıq təkcə hazırkı layihələrlə məhdudlaşmır, həm də yaşıl enerji təşəbbüsləri, birgə sərmayələr və üçüncü bazarlara çıxış istiqamətində genişlənməkdədir. Tərəflər, xüsusilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın gücləndirilməsi və innovativ texnologiyaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Vyanada keçirilən tədbir enerji sahəsində qlobal əməkdaşlığın müzakirəsi və gələcək trendlərin müəyyən olunması baxımından mühüm platforma hesab olunur. Türkiyə isə bu görüşlər vasitəsilə enerji diplomatiyasını daha da fəallaşdırmaq və strateji müttəfiqləri ilə əlaqələri dərinləşdirmək məqsədi güdür.
Fidan Qarayeva
11:35 10.07.2025
Oxunuş sayı: 933