Rusiya Cənubi Qafqazdan sıxışdırılır: İrəvan Moskvanın Bakı ilə bağlı planına "yox" dedi

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin verdiyi məlumata görə, Kreml Cənubi Qafqaz ölkələrinə hərbi-siyasi təzyiqi artırmaq məqsədi ilə Ermənistanın Gümrü şəhərindəki hərbi bazasında şəxsi heyətin sayını artırır.
"Şəxsi heyətlər Rusiya Silahlı Qüvvələrinin Rostov və Volqoqrad vilayətlərində, eləcə də müvəqqəti işğal olunmuş Krımda xidmət edən hərbçiləri arasından cəlb olunur. Bundan əlavə, Rusiya fəal şəkildə Qafqazın əsarətində olan xalqlarının, xüsusən də Şimali Osetiya və Adıgey nümayəndələri arasında könüllülər axtarır", - Baş Kəşfiyyat İdarəsinin məlumatında bildirilir.
Güc strukturunun nümayəndəsi Andrey Yusovun sözlərinə görə, Rusiya qoşunlarının Ermənistanda yerləşdirilməsi Kremlin qlobal təhlükəsizlik vəziyyətinin sabitliyini pozmağa yönəlmiş hərtərəfli strategiyasının elementidir: "Millətlərarası münaqişənin qızışdırılması ilə yanaşı, Moskva Qafqazda hərbi mövcudluğunu artırır. Çox güman ki, Azərbaycanla Rusiya arasında münasibətlərin korlanması əvvəlcədən hazırlanıb".
Ukraynanın bu iddiaları barədə Crossmedia.az-a danışan professor, siyasi elmlər doktoru Sabir Məmmədli öncəliklə Rusiyanın Cənubi Qafqazda, xüsusilə Ermənistanda təsirini artırmaq cəhdlərindən və Ermənistanın bu məsələdə tutduğu mövqedən söz açıb: "Əslində, bu tipli gərginliklər Rusiyanın Ermənistanda müəyyən mənada güclənmək istəyindən xəbər verir. Bu, gözlənilən haldır. Çünki Rusiya hazırda Cənubi Qafqazda kifayət qədər ciddi şəkildə sıxışdırılır. Bununla belə, Ermənistan rəhbərliyi açıq şəkildə bəyan edir ki, ölkə ərazisinin üçüncü dövlətlər tərəfindən – xüsusilə də qonşu dövlətlərə qarşı – istifadə olunmasına yol verməyəcək. Ermənistan baş naziri Nikol Paşinyan dəfələrlə bildirib ki, Azərbaycana qarşı hər hansı bir addım Ermənistan tərəfindən mümkün deyil və rəsmi İrəvan buna qarşı çıxacaq".
S.Məmmədli Rusiyanın Cənubi Qafqazda nüfuzunun azaldığını və Azərbaycanın Moskvanın təsirinə tabe olmaq istəmədiyini vurğulayıb: "Rusiya hazırda həm ABŞ Prezidenti Donald Trampın Zəngəzur dəhlizi ilə bağlı bəyanatları, həm də Sovet məkanında getdikcə zəifləməsi ilə üzləşir. Üstəlik, Azərbaycan rəhbərliyinin son günlərdə Rusiyaya qarşı sərgilədiyi qəti mövqe və açıq demarşlar da göstərir ki, Azərbaycan Rusiyaya boyun əymək niyyətində deyil. Bütün bunlar onu deməyə əsas verir ki, bölgədə Rusiyanın sərbəst şəkildə hərəkət etməsinə imkan verilməyəcək".
Professor bütün bu amillərin Rusiyanın Cənubi Qafqazda əvvəlki nüfuzunu saxlaya bilmədiyini və mövqeyinin zəiflədiyini göstərdiyini qeyd edib: "Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dəfələrlə vurğulayıb ki, ölkəsi Azərbaycanın yanındadır. O, Rusiya-Azərbaycan münasibətlərində yaranmış gərginliyə də toxunaraq bildirib ki, Türkiyə iki dost ölkə – Rusiya və Azərbaycan – arasında münasibətlərin pozulmasını istəmir. Bütün bu amilləri nəzərə alaraq qeyd etmək olar ki, Rusiya üçün Cənubi Qafqazda əvvəlki kimi möhkəmlənmək artıq mümkün deyil. Ermənistandakı ictimai-siyasi hadisələr, o cümlədən bəzi milli qüvvələrin həbsi və cəzalandırılması da bu prosesin tərkib hissəsidir və göstərir ki, Rusiya bölgədə ciddi şəkildə sıxışdırılır".
Fatimə Nəbiyeva
13:47 07.07.2025
Oxunuş sayı: 980