Özbəkistan çox yüksək potensial imkanlara malikdir — DEPUTAT

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri iki ölkə arasında formalaşan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edən mühüm diplomatik hadisədir. Özbəkistan və Azərbaycan arasında dostluq münasibətləri sürətlə inkşaf etməkdədir. İki qardaş ölkə arasında qurulan əməkdaşlıq modeli təkcə ikitərəfli deyil, həm də regional sabitlik və Türk dünyasının inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır. Bu səfər çərçivəsində iki ölkə arasında bir sıra mühüm sahələr üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Xüsusilə iqtisadi, nəqliyyat, kənd təsərrüfatı və enerji sahələrində birgə layihələrin həyata keçirilməsi istiqamətində konkret addımlar atılıb
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Pərvanə Vəliyeva ilk olaraq bildirib ki, 2 iyul 2025-ci il tarixində Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ölkələrimiz üçün əlamətdar və tarixi bir gündür:
“Ölkə başçılarının bu görüşü əslində Azərbaycanla Özbəkistanın strateji, müttəfiqlik və dostluq münasibətlərinin inkişafına böyük və əhəmiyyətli töhfə verən, həmçinin ikitərəfli fəaliyyət məsələlərinin, eləcə də bir çox plan və layihələrin həll edilməsinə yönəldilmiş tarixi bir hadisədir. Özbəkistan Respublikası çox yüksək potensial imkanlara malik olan və ölkələrimizin qarşılıqlı fəaliyyəti nəticəsində uğurlu nailiyyətlərə birgə addım ata biləcəyi müttəfiq ölkələrdən biridir. Təbii ki, son zamanlar Özbəkistanın sürətli inkişafı, ölkədə bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsi, həmçinin beynəlxalq arenada yüksəlməsi və iqtisadi potensialının daha da güclənməsi buna əyani sübutdur. Bu səbəbdən də Azərbaycanla Özbəkistan arasında yaradılmış Birgə İnvestisiya Fondu üçün hazırlanmış 10-dan artıq layihənin investisiya qərarlarının qəbulu barədə fikirlər müzakirə edilib. İlkin olaraq layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan İnvestisiya Fondunun nizamnamə kapitalının 500 milyon dollar olmasına baxmayaraq, ölkələrimiz bir çox biznes, iqtisadi və digər perspektivli sahələrin inkişafı nəticəsində həmin nizamnamə kapitalını daha da artırmaq niyyətindədirlər. Ölkələrimizin əməkdaşlığının əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılması və daha da inkişaf etdirilməsidir. Bununla da Xəzər dənizindən Azərbaycan və Mərkəzi Asiya regionuna nəqliyyat-logistika sahəsinin inkişaf etdirilməsi planlaşdırılır. Özbəkistanın Azərbaycana verdiyi böyük töhfələrdən biri də kənd təsərrüfatı, pambıqçılıq və ipəkçiliklə bağlı layihələrin qurulması və bu sahələrə sərmayə qoyulmasıdır. Bir neçə Özbəkistan şirkətinin, kənd təsərrüfatı müəssisələrinin və kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin Azərbaycanda fəaliyyəti hər iki ölkənin iqtisadi durumuna müsbət təsir göstərəcəkdir”.
Deputatın sözlərinə görə, Mərkəzi Asiya ölkələri arasında Özbəkistan xüsusilə seçilən və Azərbaycanın strateji tərəfdaşlıq etdiyi ölkələrdəndir:
“Bu tərəfdaşlıqlar və münasibətlər bir çox aspektlərdə özünü göstərir. Hətta ölkələrimizin strateji tərəfdaşlığının möhkəmləndirilməsi istiqamətində bir çox sahələri əhatə edən 200-dən artıq mühüm sənəd imzalanıb, layihələr razılaşdırılıb. Azərbaycanın rəsmi səviyyədə müttəfiqlik müqaviləsi bağladığı dörd dövlətdən biri də Özbəkistandır. Bu müttəfiqlik ölkələrimiz arasında həm hökumətlər, həm də xalqlar səviyyəsində inkişaf etdirilir. Təsadüfi deyil ki, 44 günlük müharibədən sonra Azərbaycan tərəfindən Qarabağ bölgəsinin bərpası və abadlaşdırılması üçün ilk təşəbbüs göstərən və yardım edən ölkə Özbəkistan Respublikası olmuşdur. Məhz Qarabağda ilk sosial təhsil infrastrukturu olan və özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyan məktəbin inşası Özbəkistan tərəfindən həyata keçirilmişdir. Bundan başqa, Xankəndi şəhərində 200-dən çox insanın çalışdığı tikiş fabriki də Özbəkistan Respublikası tərəfindən inşa edilmişdir ki, bu gün bu müəssisə əhalinin məşğulluğunun təmin edilməsinə öz müsbət təsirini göstərir. Bütün bu səmimi davranışların və dostluq münasibətlərinin nəticəsi olaraq, ölkəmizdə Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binası inşa edilmiş, eləcə də Bakı şəhərinin müasir urbanizm layihəsi olan “Ağ şəhər”də 5 hektara yaxın ərazidə “Özbəkistan” parkının yaradılması planlaşdırılıb”.
Nəzrin Salmanova
19:23 03.07.2025
Oxunuş sayı: 1454