Pezeşkian yenidən Azərbaycanda: "İki dövlət arasında gərginlik azala bilər" - Deputat

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək. Onun iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirakı nəzərdə tutulub.
İran Prezidentinin Xankəndiyə planlaşdırılan səfəri və Türk Dövlətləri Təşkilatına üzv olmayan bir ölkənin ECO Zirvə görüşündə iştirakı regionda maraq balansına və diplomatik münasibətlərə yeni çalarlar əlavə edə bilər. Bu addım İranın regional proseslərdə daha fəal rol oynamağa çalışdığını göstərir. Eyni zamanda, bu səfər Cənubi Qafqazda sülh gündəliyinin dəstəklənməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Siyasi ekspertlər və deputatlar bu səfəri Bakı-Tehran xəttində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirirlər.
Gözlənilən səfərlə bağlı Milli Məclisin deputatı Fazil Musfata Crossmedia.az-a danışıb.
O, beynəlxalq ictimaiyyətin, o cümlədən İran və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu mövqeyin rəsmi bəyanatlarla təsdiqləndiyini və Ermənistanın artıq xüsusi ərazi iddiası irəli sürmədiyini qeyd edib: "Azərbaycanın ərazi bütövlüyünü tanımayan ölkə qalmayıb. İran da daxil olmaqla, bu mövqe hələ işğal dövründən əvvəl formalaşıb. Hazırda isə hətta Ermənistan belə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu, rəsmi bəyanatlarda öz əksini tapır və Ermənistan tərəfindən xüsusi bir iddianın olmadığını da göstərir".
Parlamentari İran prezidenti Məsud Pezəşkianın Azərbaycana səfərinin mühüm əhəmiyyət daşıdığını və İran daxilində səslənən əsassız iddiaların təsirsiz olduğunu söyləyib: "Bu baxımdan Pezeşkianın Azərbaycana səfəri mühüm əhəmiyyət daşıyır. Bu səfər İran-Azərbaycan münasibətlərində müəyyən dərəcədə müşahidə olunan gərginliyin azalmasına xidmət edə bilər. Eyni zamanda bu səfər İran daxilindən səslənən əsassız və mənasız iddiaların real əsasının olmadığını göstərmək baxımından da faydalıdır".
Deputat səfər zamanı iki ölkə arasında münasibətlərin inkişafı, etimad mühitinin möhkəmləndirilməsi və əməkdaşlıq perspektivləri müzakirə olunacağını güman edir: "Düşünürəm ki, Pezəşkianın Bakıya səfəri çərçivəsində keçiriləcək görüşlərdə və aparılacaq müzakirələrdə məhz bu mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Bu da iki ölkə arasında etimad mühitinin formalaşmasına və əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verə bilər".
Fatimə Nəbiyeva
13:07 02.07.2025
Oxunuş sayı: 836