Üzeyir Cəfərov: “Rusiya rəhbərliyi özünü yığışdırmalıdır”

Rusiya vəhşiliyi sərhəd tanımır. Ural bölgəsində azərbaycanlılara qarşı həyata keçirilən zorakılıq aktları, həm miqyas, həm də vəhşilik baxımından ciddi narahatlıq doğurur. Təzyiqlər, qanunsuz həbslər, ailələrin zorla evlərindən çıxarılması, qadın və uşaqlara belə aman verilməməsi Kremlin Azərbaycana və azərbaycanlılara qarşı yeritdiyi sistematik düşmənliyin yeni mərhələsidir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə baş verənlərlə bağlı deyib ki, bu proseslər cinayət işləri çərçivəsində həyata keçirilib.
Rəsmi Moskvanın məsuliyyətsiz və əsassız açıqlamalarından görünür ki, ortada sadəcə zorakılıq deyil, eyni zamanda bu cinayətlərin üstünü örtmək cəhdi açıq-aşkar görünür.
Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a açıqlamasında bildirib:
“Rusiya XİN rəsmisinin tələsik, məsələnin mahiyyətini bilmədən açıqlama verməsi onu deməyə əsas verir ki, Rusiya törətdiyi cinayətə görə narahatdır. “Qara məni basınca, qoy qaranı mən basım” prinsipi ilə hərəkət edirlər. Əgər bu cinayət illər əvvəl törədilmişdisə, Rusiya hüquq-mühafizə orqanları bir daha göstərdilər ki, onlar çox savadsız, qabiliyyətsiz fəaliyyət sərgiləyiblər. Əgər belə bir fakt əllərində var idisə, vətəndaş normal şəkildə istintaq şöbəsinə çağırılmalı idi. Yaxud əgər hüquq-mühafizə orqanları evə gəlirsə, o cürəmi basqın etməli idi? Qadın, uşaq demədən hər kəsi həbs etdilər. Başqa bir sual, həmin məsələdə 50 nəfərmi təqsirli bilinir? Burada tamam başqa məqamlar var. Məndə olan dəqiq məlumata görə, orada mafioz qrupların göstərişi ilə o evə basqın olub. Bir vaxtlar deputat səlahiyyətində olan, uzun müddətdən sonra həbsdən azad olmuş mafioz şəxs həmin evə basqınla bağlı göstəriş verib. Bunu Zaxarova da çox gözəl bilir”.
Ekspert Azərbaycan rəsmilərinə səslənib: “Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoyun növbəti dəfə faşist, irqçi, millətçi çıxışına gəldiksə isə, burada bir daha Azərbaycan rəsmilərinə səslənərək demək istəyirəm ki, günah özümüzdədir ki, Pyotr Tolstoy bu cür fikirlər səsləndirir. Bu şəxs bir müddət əvvəl də azərbaycanlılara qarşı xoşagəlməz fikirlər səsləndirmişdi. Biz onu Bakıya dəvət etdik, qonaqpərvərlik nümayiş etdirdik. Amma bu alçaq indi Moskvadan deyir ki, siz kimsiniz, Rusiyanın daxili işlərinə qarışırsınız?. Necə olur ki, siz xarici ölkə vətəndaşı olan rusları soydaş adı altında müdafiə edə bilirsiniz, biz müdafiə edəndə hürürsünüz? Yekunda demək istəyirəm ki, Rusiya rəhbərliyi özünü yığıştırmalıdır”.
Ayhan
13:05 29.06.2025
Oxunuş sayı: 895