Azərbaycan yığması İtaliyada Avropa çempionu olub

İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatına yekun vurulub.
Crossmedia.az xəbər verir ki, qitə birinciliyində Azərbaycan millisi komanda hesabında Avropa çempionu olub. 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığma 131 xalla birinci yeri tutub. Ermənistan (125) ikinci, Gürcüstan (99) isə üçüncü olub.
Millinin heyətində Ömər Salmanov (44 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Hüseyn Əmrahlı (38 kq) və Ruslan Nuriyev (75 kq) gümüş medala sahib çıxıb. Xudayar Kərimli (38 kq), Hüseyn Mustafazadə (52 kq) və Nadir Həsənov (62 kq) isə bürünc medalı boynundan asıb.
Qeyd edək ki, bu komanda 3-cü dəfə Avropa çempionu olur. Yunan-Roma güləşi üzrə milli 2022 və 2024-cü illərdə də eyni uğura imza atıb.
Xatırladaq ki, bir neçə gün öncə sərbəst güləş üzrə milli İtaliyada Avropa çempionu olub.
19:55 28.06.2025
Oxunuş sayı: 552