Silahlı Qüvvələr Gününə həsr olunmuş atıcılıq turniri keçirilib


“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Bakı Atıcılıq Mərkəzində gənclər arasında 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş “Hədəf 12” atıcılıq turniri təşkil edilib.
Crossmedia.az “Böyük Qayıdış” Gənclər Təşkilatından bildirilən məlumata istinadən xəbər verir ki, gənclər tərəfindən böyük maraqla qarşılanan, artıq dördüncü ildir ki, həyata keçirilən turnirin təşkilində əsas məqsəd hərbi-vətənpərvərlik hissinin aşılanması, bu idman növünə marağın artırılması və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsidir.
Bu il turnirə 300-dən çox gənc müraciət edib. Müraciəti müsbət dəyərləndirilmiş 100-ə yaxın gənc komandalar şəklində turnirə qatılaraq qalibiyyət uğrunda mübarizə aparıb.
Turnirdən öncə gənclər peşəkar təlimçilər tərəfindən silahla davranış qaydaları, silahdan təhlükəsiz istifadə, müxtəlif hərəkətli və dayanıqlı hədəflərə atış, dəqiq nişanalma və digər təməl bacarıqlar haqqında ətraflı məlumat əldə ediblər. Gənc qazilər turnirin formatına uyğun olaraq komanda kapitanı və təlimatçı kimi yarışa qatılıblar. 15 komandanın iştirak etdiyi 2 mərhələdən ibarət turnirdə ən çox hədəfi vuran “Fatehlər” komandası qalib elan olunub/ “Zərbə” və “Zəfər” komandaları müvafiq olaraq 2-ci və 3-cü yerləri tutub. Həmçinin ən yüksək nəticə ilə turnirin “Sərrast atıcı”sı müəyyənləşib.
Mükafatlandırma mərasimində iştirak edən Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Orduxan Qəhrəmanzadə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev və “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov qalibləri kubok, medal və sertifikatlarla təltif edib, onlara hədiyyələr təqdim olunub.
Təşkilat tərəfindən Silahlı Qüvvələr Gününə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya da təşkil olunub. Ekskursiyada iştirak edən gənclər açıq səma altında qoşun növləri üzrə hərbi texnikadan ibarət ekspozisiyanı, muzeyin daxilində isə qədim dövrlərdən bu günə kimi hərb tariximizə aid eksponatların nümayiş olunduğu zalları ziyarət ediblər. Muzey əməkdaşı iştirakçıların suallarını cavablandırıblar.
18:20 25.06.2025
Oxunuş sayı: 626