Çinlə radio və TV yayımı sahəsində əməkdaşlıq memorandumu imzalanıb


Çin Xalq Respublikasına səfər çərçivəsində iyunun 24-də Azərbaycan nümayəndə heyəti ilə Çin Xalq Respublikasının Radio və Televiziya Baş Dövlət İdarəsinin naziri xanım Çao Şumin və qurumun digər yüksək vəzifəli şəxsləri ilə görüş keçirilib.
Medianın İnkişafı Agentliyindən Crossmedia.az-a verilən xəbərə görə, görüş çərçivəsində Audiovizual Şuranın sədri İsmət Səttarov Azərbaycan və Çin arasında digər sahələrdə olduğu kimi audiovizual media istiqamətində də əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb. O, hər iki ölkənin audiovizual tənzimləmə siyasəti ətrafında fəal dialoq apardığını qeyd edərək, müvafiq sahədə texnoloji mübadilə, süni zəka, irihəcmli data və “5G” kimi innovativ həllərin tətbiqi, eləcə də sənayenin birgə inkişafının xüsusi əhəmiyyət daşıdığını bildirib. Şura sədri həmçinin qeyd edib ki, tənzimləyici qurumlar arasında davamlı və effektiv əlaqələrin qurulması təcrübə mübadiləsini gücləndirəcək, koordinasiyalı fəaliyyətə töhfə verəcək.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov görüş zamanı media sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq institusional əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, müasir texnologiyaların tətbiqi, peşəkar kadr hazırlığı və qarşılıqlı təcrübə mübadiləsinin təşviqinin əməkdaşlığın əsas istiqamətlərindən olduğunu qeyd edib. O, həmçinin bildirib ki, media mühitinin qlobal çağırışlara uyğun şəkildə inkişaf etdirilməsi, xüsusilə dezinformasiya ilə mübarizə sahəsində yanaşma və mexanizmlərin paylaşılması qarşılıqlı fəaliyyətin əsas prioritetlərindəndir.
Daha sonra “Azərbaycan Respublikası Audiovizual Şurası və Çin Xalq Respublikasının Radio Yayımı və Televiziya Baş Dövlət İdarəsi arasında Radio və Televiziya Yayımı Sahəsində Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Memorandumun məqsədi radio yayımı və televiziya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə və kadr mübadiləsinin sürətləndirilməsidir.
Qeyd edilib ki, Çin Xalq Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev və “AnewZ” telekanalının İcraçı direktoru Rüfət Həmzəyev daxildir.
17:55 24.06.2025
Oxunuş sayı: 625