Kiberdələduzluq halları artıb: Ekspert vətəndaşlara səsləndi

Vətəndaşların bank kartlarından iyunun 21-də və 22-də 32 min manatdan çox pul oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, iyunun 21-də və 22-də daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində bir sıra şəxslərin bank hesablarından qanunsuz yolla pul vəsaitlərinin çıxarıldığı müəyyən olunub:
"Oğurlanmış məbləğlər arasında 20000, 9500, 1731, 535, 393, 224, 89 və 72 manat kimi rəqəmlər qeydə alınıb. Bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz".
Son zamanlar oxşar kibercinayətkarlıq hallar artan templə davam edir. Əlbəttə, bu məsələdə ən böyük məsuliyyət vətəndaşların öz üzərlərinə düşür. Onlar diqqətli olmalı, dələduzların tələsinə düşməməlidirlər.
Məsələ barədə Crossmedia.az-a danışan İnformasiya Texnologiyaları (İT) mütəxəssisi Elvin Abbasovun sözlərinə görə, keçən həftədən əvvəlki üç həftə ərzində kiberdələduzluqla bağlı vətəndaş müraciətlərində nəzərəçarpacaq azalma müşahidə olunub: “Vətəndaşların kiber dələduzluq üzrə müraciətləri günlük 35-40 müraciətdən, gündəlik hardasa 6-7 müraciətə qədər düşmüşdü. Son həftə ərzində bu sahədə dinamikada yenidən artım müşahidə olunur. Bu vəziyyət arxayınlaşmağa əsas vermir. Daim diqqətli olmaq lazımdır”.
Mütəxəssis vurğulayıb ki, son altı həftə ərzində mediada kiberdələduzluqla bağlı maarifləndirici məlumatların sayı da azalıb: “Bu isə məsələyə kompleks yanaşmanın zəifləməsi deməkdir. Kibertəhlükələrlə bağlı ictimai maarifləndirmə kampaniyaları mütəmadi olaraq aparılmalıdır. Bu fəaliyyət dayanmamalıdır, daim bu fəaliyyət öz axarında getməlidir ki, vətəndaşlar arxayınlaşmasın və daim bu istiqamətdə maariflənmə prosesləri, inkişaf prosesləri davam etsin. Rəqəmsallaşma prosesinin inkişaf etdiyi hər bir ölkədə kiberdələduzluq halları artan dinamika ilə müşahidə olunur. Azərbaycan da bu baxımdan istisna deyil. Son bir-neçə həftədə aşağı enmişdi və yenidən yüksəliş müşahidə olundu”.
Elvin Abbasovun fikrincə, yay aylarında kiberdələduzluqların xüsusilə turizm sahəsində daha da aktuallaşdığı müşahidə olunur: “Bununla yanaşı, “phishing” üsulu ilə bank kartlarının və korporativ səhifələrin saxtalaşdırılması istiqamətində də dələduzluq halları artır. Vətəndaşlar artıq bu sahədə müəyyən dərəcədə məlumatlıdırlar. Lakin dələduzlar daha peşəkar və inandırıcı ssenarilər hazırlayaraq, insanlarda təşviş və psixoloji gərginlik yaradıb onları aldatmağa nail olurlar: “Dələduzlar çox yaxşı ssenarilər hazırlayaraq, vətəndaşlarda o an psixoloji gərginlik yaradır və nəticədə onlar kiber dələduzluğa məruz qalırlar. Belə halların qarşısını almaq üçün ilk növbədə vətəndaşlar diqqətli olmalı və bəzi əsas məqamlara diqqət yetirməlidirlər. Vətəndaşlara xarici nömrələrdən, yaxud internet üzərindən – “WhatsApp”, “Telegram” kimi platformalarla edilən zənglərə etibar edilməməlidir. Çünki heç bir Azərbaycan dövlət qurumu və ya bank xidməti xarici nömrələrdən vətəndaşlara zəng etmir”.
Müsahibimiz əlavə edib ki, əgər zəng, həqiqətən, rəsmi bir qurumdan gəlirsə, bu zaman vətəndaşlara yalnız rəsmi yollarla – Azərbaycan nömrəsi ilə və ya yazılı bildirişlə müraciət olunur: “Telefonla vətəndaşdan bank kartı məlumatları və ya SMS kodu tələb edilirsə, bu, şübhəsiz, dələduzluq halıdır: Əgər polis zəng etsə, sizi bölməyə dəvət edəcək. Heç bir halda telefondan kod istənilməyəcək. Bank əməkdaşları da heç vaxt müştəridən kartın tam məlumatlarını tələb etmirlər. Əgər ehtiyac yaranarsa, yalnız müəyyən identifikasiya məqsədilə kartın bəzi hissələri – məsələn, ilk və son rəqəmləri soruşula bilər. Bank sistemində müştərinin bütün məlumatları artıq mövcuddur və bu məlumatları bir daha təqdim etməyə ehtiyac yoxdur. Hər hansı şübhəli zəng aldıqda soyuqqanlılıq nümayiş etdirmək lazımdır”.
Fatimə Nəbiyeva
20:45 23.06.2025
Oxunuş sayı: 772