Professor: “Rusiya açıq şəkildə Ermənistandakı proseslərə müdaxilə etməyə çalışır”

Ermənistanda müxalif “Vətən naminə Tavuş” hərəkatının üzvlərinin, o cümlədən din xadimi Baqrat Qalstanyanın tərəfdarlarının saxlanılması ölkədə ciddi rezonansa səbəb olub. Hadisə siyasi müxalifətə təzyiq və ifadə azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilir. Bu gərginlik Ermənistanın daxili siyasi sabitliyinə zərbə vuraraq, hakimiyyətlə müxalifət arasında münasibətləri daha da kəskinləşdirə bilər.
Ümumiyyətlə, son zamanlar ölkə daxilində vəziyyət kifayət qədər qarışıqdır. Müxalifət getdikcə fəallaşır. Bununla əlaqədər olaraq gələcəkdə müxalifətə təzyiqin artması da istisna deyil.
Mövcud vəziyyət barədə Crossmedia.az-a danışan professor, siyasi elmləri doktoru Sabir Məmmədlinin fikrincə, hadisələrə qiymət verməzdən əvvəl mütləq şəkildə hüquqi əsasların və konkret faktların nəzərə alınması vacibdir: “Diqqət yetirmək lazımdır ki, hansı əsaslarla həmin müxalifət nümayəndələri saxlanılıb. Əgər bu şəxslər hansısa inzibati qaydanı pozublarsa, bu bir yanaşmadır və bu halda proses hüquqi çərçivədə qiymətləndirilə bilər. Əks halda isə tamamilə fərqli yanaşma gündəmə gələ bilər. Ermənistan rəhbərliyinin müxalifət nümayəndələrini yalnız müxalifətçi olduqlarına görə saxlaması əsassızdır. Bu cür yanaşma ədalətli və hüquqi baxımdan da qəbulolunan deyil. Sadəcə olaraq müxalifətçi olduğuna görə saxlanması heç də əsas vermir ki, biz bu hadisəni birmənalı şəkildə qiymətləndirək” - deyə dedi.
Politoloq bildirib ki, bu məsələ dəqiqliklə araşdırılmalı və hüquqi kontekstdə təhlil olunmalıdır: “Ermənistan yaxın aylarda parlament seçkilərinə hazırlaşır və bu səbəbdən də ölkədə siyasi mübarizə və qarşıdurmaların artması gözləniləndir. Siyasi qüvvələr bir-birini ittiham edir və bəzi dairələr artıq rəqiblərini sıradan çıxarmaq cəhdlərinə başlayıblar. Ermənistanın baş naziri Nikol Paşinyan da bu prosesə aktiv şəkildə qoşulub. Ermənistanda revanşist qüvvələr mövcuddur və onların müxtəlif istiqamətlər üzrə dəstəkləri var. Bu qüvvələrin bir hissəsi Rusiyaya bağlıdır, digər hissəsi isə erməni diasporuna və millətçi cərəyanlara söykənir. Ermənistanda bəzi qüvvələr dini mərkəzlərə, o cümlədən “Baqrat hərəkatı”na bağlıdır. İndiki vəziyyət müvəqqəti yox, sistematik hal alıb və gələcəkdə daha da gərginləşəcəyi gözlənilir”.
Müsahibimiz vurğulayıb ki, Rusiya açıq şəkildə Ermənistandakı proseslərə müdaxilə etməyə çalışır: “Baş verənlərə qiymət verərkən ümumi yanaşmalarla kifayətlənmək düzgün deyil. Hadisələrə konkret faktlar, hüquqi əsaslar və mövcud siyasi mühit fonunda yanaşmaq daha doğru olacaq. Belə ümumi və səthi yanaşmalarla obyektiv və ədalətli nəticəyə gəlmək mümkün deyil”.
Fatimə Nəbiyeva
14:48 21.06.2025
Oxunuş sayı: 1085