Qardaşlığın da ünvanı olur: Kahramanmaraşda “Azərbaycan məhəlləsi” - Deputat

Tarix boyu ortaq kədəri və sevinci paylaşan, eyni coğrafi taleyin yükünü çiyin-çiyinə daşıyan Azərbaycan və Türkiyə xalqları bu gün də “bir millət, iki dövlət” anlayışını təkcə sözlə yox, əməllə sübut edirlər. 2023-cü ilin fevralında baş vermiş fəlakətli Kahramanmaraş zəlzələsi zamanı Azərbaycanın göstərdiyi dəstək və qardaşlıq jestləri yaddaşlara silinməz izlər buraxdı. İndi isə həmin izlər artıq fiziki bir məkan – “Azərbaycan məhəlləsi” şəklində Kahramanmaraş torpağında yaşayır. Bu məhəllə təkcə evlərin, küçələrin və binaların birləşdiyi adi bir yaşayış kompleksi deyil. Bu, iki xalq arasında qırılmaz tellərin, dərin sevginin və sarsılmaz həmrəyliyin simvoludur. Azərbaycan dövləti və xalqı tərəfindən inşa edilən bu məhəllə, zəlzələdən zərər çəkmiş türk bacı-qardaşlarımız üçün yenidənqurma və bərpa prosesində mühüm bir addım olmaqla yanaşı, eyni zamanda diplomatik və mənəvi bir körpüdür.
Milli Məclisin deputatı Azər Allahverənov Crossmedia.az-a məsələ ilə bağlı təəssüratlarını bölüşüb:
“Kahramanmaraşda Azərbaycan məhəlləsinin salınması çox əlamətdar hadisədir. Bu məhəllənin rəsmi açılış mərasimində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı hadisəyə xüsusi əhəmiyyət, xüsusi bir status verdi. Çünki biz bu məsələyə bir neçə aspektdən yanaşa bilərik. Təbii ki, iki qardaş ölkə arasında münasibətlər bütün sahələrdə inkişaf edir və getdikcə daha da güclənir. Bu münasibətlər üzərində Avrasiya üçün böyük əhəmiyyət kəsb edəcək inteqrasiya layihələri qurulub. Kahramanmaraşda Azərbaycan məhəlləsinin rəsmi açılış mərasiminin keçirilməsi həm də bu qardaşlığın simvolik bir məna kəsb etdiyini göstərdi. Çünki burda söhbət qısamüddətli yardımdan yox daha uzun müddətli münasibətlərin inkişafını özündə əks etdirən bir işbirliyindən gedir. Nəzərə alsaq ki, 2021-ci ildə Kahramanmaraşda baş verən zəlzələ zamanı bir çox dövlətlər yaxından xilasetmə işlərində iştirak etdilər. O cümlədən Azərbaycanın xilasetmə qrupları da Kahramanmaraşda 53 nəfər türk vətəndaşını dağıntılar altından xilas etdi. Bundan əlavə bizim vətəndaşlarımız humanitar yardım kompaniyalarının toplanmasında da fəallıq göstərərk ölkə daxılındə qardaş türkiyə üçün kompaniyalar təşkil etmişdi. Bundan sonrakı proseslərdə də Azərbaycan Türkiyənin yanında oldu və 4 il ərzində bu cür məhəllənin salınmasına müvəffəq oldu. Bu məhəllə həm də bütün dünyaya sarsılmaz qardaşlığımızın mesajı idi”.
Ayhan Ağarzayev
10:07 21.06.2025
Oxunuş sayı: 3986