TDT dövlətləri hüquq məhkəmə sistemində əməkdaşlığı gücləndirir, amma... -Əsas problem açıqlandı

Türk Dövlətləri Təşkilatının Məhkəmə Şuraları Şəbəkəsinin Bakıda keçirilən iclasında qurumun Əsasnaməsi imzalanıb. Sənəd üzv dövlətlər arasında hüquqi həmrəyliyin artırılmasını, məhkəmə sistemlərinin yaxınlaşdırılmasını və ortaq hüquqi gələcəyin qurulmasını hədəfləyir. Bu addım regional hüquq sistemlərinin koordinasiyalı fəaliyyətini təşviq etmək, ədalət mühakiməsinin təşkili sahəsində təcrübə və məlumat mübadiləsini gücləndirmək məqsədi daşıyır. Eyni zamanda, üzv dövlətlərin məhkəmə orqanları arasında institusional əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsi hədəf kimi göstərilir.
Sözügedən təşəbbüs barədə Crossmedia.az-a danışan hüquqşünas Əkrəm Həsənov qeyd edib ki, ümumilikdə türk dövlətləri arasında məhkəmə təcrübəsinin bölüşdürülməsi yaxşı haldır: "Amma həm də nəzərə almaq lazımdır ki, bu ölkələrin hüquq sistemləri, qanunvericiliyi tamamilə fərqlidir. Məsələn Türkiyənin hüquq sistemi İsveçrə modelinə, bizimkisi isə rus-alman modelinə əsaslanır. Digər türk dövlətləri – Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla isə müəyyən oxşarlıqlar var. Yəni qanunvericilik baxımından bu dövlətlərin bir platformada birləşməsi praktiki baxımdan çətin görünür”.
O qeyd edib ki, belə təşəbbüslər əsasən siyasi və simvolik xarakter daşıyır: “Sanki dövlətlər görünmək üçün bir araya gəlirlər. Əslində, ortada real əməkdaşlıqdan çox, formal niyyət var".
Zəhra Ağayeva
14:33 19.06.2025
Oxunuş sayı: 988