“ASAN xidmət”in İnnovasiyalar Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

Prezident İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 3 iyun 2019-cu il tarixli fərmanının icrası davam etdirilir.
Crossmedia.az xəbər verir ki, fərmanın icrası çərçivəsində daha bir dövlət qurumu – Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "İnnovasiyalar Mərkəzi" MMC informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürüb.
"İnnovasiyalar Mərkəzi"nin əsas rəqəmsal resursları AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə qismən yerləşdirilib. “AzInTelecom” "İnnovasiyalar Mərkəzi"nə “Virtual server – IaaS” (İnfrastructure-as-a-Service) və “Rezervlənmə – BaaS” (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsini təmin edib. Bununla qurum kritik sistemlərin yüksək əlçatanlığına nail olub.
“Hökumət buludu” layihəsi çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus Bakı əsas və Yevlax ehtiyat data mərkəzlərinə tam və yaxud qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların cari İT xərcləri azalır, informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə, dayanıqlı İT infrastrukturuna, keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.
10:42 19.06.2025
Oxunuş sayı: 590