İsrail-İran münaqişəsinin Cənubi Qafqaza təsiri: Ermənistan təşviş içində

İsrail-İran münaqişəsi artıq geniş coğrafiyada iqtisadi narahatlıqlara da səbəb olmağa başlayıb. Münaqişənin ən çox təsir göstərə biləcəyi ölkələrdən biri isə Ermənistan hesab olunur. Geosiyasi mövqeyi və İrana iqtisadi-logistik asılılığı səbəbilə Ermənistan bu qarşıdurmadan birbaşa zərər görə biləcək dövlətlər sırasındadır. Ermənistanın maliyyə naziri Vahe Ovannisyanın da mətbuat konfransında vurğuladığı kimi, baş verən hadisələr ölkənin təchizat zəncirinə və iqtisadi sabitliyinə ciddi təsir göstərə bilər. O bildirib ki, vəziyyətin inkişafı logistik marşrutlara mənfi təsir etməklə yanaşı, riskli ssenariləri də aktuallaşdırır. Bu baxımdan İran-İsrail münaqişəsi Ermənistan üçün təkcə diplomatik yox, həm də real iqtisadi təhlükə mənbəyinə çevrilməkdədir.
Mövzu ilə bağlı burda Milli Məclisin dörd çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-a açıqlama verib: “Əvvəlcə qeyd etməliyik ki, Ermənistanın cəmi 2 çıxışı var: İran, Gürcüstan. Qalan çıxışları isə Azərbaycan və Türkiyədir. Hazırda İran sərhədləri mövcud vəziyyətlə bağlı olaraq ticarətə bağlıdır. Dünyanın ən böyük dəniz limanı olan İranın Bəndər-Abbas, ticarət üçün çox mühüm əhəmiyyətə malik liman idi. Orda gedən hadisələr və Bəndər-Abbasın İsrail qüvvələri tərəfindən bombardman edilməsi limanın bağlanması ilə nəticələndi. Bu münaqişə nə qədər uzun zaman davam edərsə dünya dövlətləri həmçinin Avropa o qədər ziyan görəcək. Sözsüz ki, bu Cənubi Qafqaza da təsir edəcək. Amma Cənubi Qafqazda Ermənistan daha çox ziyan görəcək”.
Ayhan Ağarzayev
17:58 16.06.2025
Oxunuş sayı: 1278