"Avropanın bəzi dövlətləri öz təhlükəsizlikləri üçün müharibənin Ukraynadan kənara çıxmasında maraqlı deyil" -RƏY

Finlandiya Prezidenti Aleksandr Stubb Yaponiyanın NHK telekanalına müsahibəsində deyib ki, atəşkəs razılaşması əldə olunsa, Finlandiya Ukraynaya qoşun göndərməyəcək.
“Hazırda qoşun göndərmək planı yoxdur”, - o deyib.
Prezidentin fikrincə, onun ölkəsi şimal-şərqi Avropada mühafizə ilə məşğul olmalıdır.
Bundan əvvəl ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bildirib ki, Vaşinqton Rusiya-Ukrayna münaqişəsinin həlli planını müzakirə edir. Plana əsasən, Dneprdən qərbə mühafizə qüvvələri yerləşdiriləcək. Onun sözlərinə görə, mühafizə qüvvələrinin heyətinə Avropanın dörd ölkəsinin - Böyük Britaniya, Polşa, Fransa və Almaniyanın kontingenti daxil olacaq.
Finlandiya dövlət başçısının səsləndirdiyi fikirlər Rusiya- Ukrayna savaşının perspektivdə genişlənməsi barədə ehtimalları gücləndirir. Sual yaranır: bəs atəşkəs olmasa, nələr ola bilər?
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu Crossmedia.az-a açıqlama verib:
“ABŞ prezidenti Donald Tramp birinci dəfə Rusiya dövlət başçısı Vladimir Putinlə telefon danışığından sonra Avropa liderləri çox ciddi gərginlik oldu. Ard-arda iki dəfə Parisdə və Londonda sammitlər təşkil etdilər. Əsas müzakirə predmeti isə Ukraynaya könüllülər göndərməkdən ibarət idi. Faktiki olaraq heç bir Avropa dövləti Ukraynaya qoşun göndərmək istəmirdi. Sonradan Ukrayna üçün təhlükəsizlik tədbirləri həyata keçirildi. Böyük Britaniya Ukraynaya əlavə kredit ayırdı. Hazırda Almaniyanın yeni kansleri Fridrix Merts Ukraynaya raketlərin və havadan müdafiə sistemlərinin verilməsini gündəmə gətirir. Lakin Finlandiya və bir neçə Avropa dövləti bu addımın düzgün olduğu qənaətində deyil. Onlar düşünürlər ki, belə olan halda Rusiya ilə birbaşa hərbi münaqişəyə zəmin yaranacaq".
Müsahibimizin fikrincə, Avropanın bəzi dövlətləri öz təhlükəsizlikləri üçün müharibənin Ukraynadan kənara çıxmasında maraqlı deyil: "Bununla bərabər, Ukraynaya dəstək olduqlarını da göstərməyə çalışırlar. Lakin ABŞ-nin dəstəyi olmadan bu da mümkün görünmür. Həmçinin ABŞ-nin dəstəyi də əvvəlki kimi deyil”.
Ayhan Ağarzayev
16:14 12.06.2025
Oxunuş sayı: 979