Dövlət qurumları arasında avarçəkmə yarışı: FHN və SOCAR fərqləndi





Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib.
Crossmedia.az xəbər verir ki, bulvar ərazisində təşkil olunan yarışda qadınlar və kişilər müxtəlif kateqoriyalar üzrə bacarıqlarını nümayiş etdiriblər.
Kişilər arasında tək nəfərlik qayıq yarışının qalibi SOCAR-ı təmsil edən Ehtibar Əsədov olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Elxan Əsədov və Özcan Kərimov müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Qadınlar arasında keçirilən tək nəfərlik qayıq yarışında Leyla Əliyeva (FHN) birinci olub. İlahə Çələbiyeva (Gənclər və İdman Nazirliyi) ikinci, Mələkxanım Məmmədova (FHN) isə üçüncü pillədə qərarlaşıblar.
Kişilər arasında iki nəfərlik qayıq yarışında SOCAR birinci, GİN ikinci, FHN üçüncü olub.
Qarışıq komanda (kişilər və qadınlar) yarışında FHN birinci, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ikinci, GİN isə üçüncü yeri tutub.
18:53 11.06.2025
Oxunuş sayı: 1272