Rusiya-Ukrayna müharibəsi bir neçə il davam edəcək - ŞOK

Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski “Wall Street Journal” nəşrinə müsahibəsində bildirib ki, Ukraynanın Rusiya ilə danışıqlarda güzəştə getmək istəməməsi Kiyev üçün yeni ərazi itkilərinə səbəb ola bilər. Medinski qeyd edib ki, Moskva bu vəziyyətə cavab verməyə məcbur olacaq və Ukraynanın güzəştə hazır olmaması münaqişənin pisləşməsinə səbəb ola bilər. O, Ukraynanın digər dövlətlərin maraqlarını ön planda tutmasının vəziyyəti daha da gərginləşdirəcəyini vurğulayıb.
Mövzunu Crossmedia.az-a şərh edən hərbi ekspert Ramil Məmmədli bildirib ki, son günlər, xüsusən də Ukraynanın “hörümçək toru” adlandırdığı əməliyyatdan sonra Rusiya və Ukrayna ərazilərində döyüş əməliyyatlarının sayı artıb: “Həmçinin, raket və artilleriya zərbələrinin sayı da çoxalıb. Demək olar ki, bütün iri şəhərlər, əsas strateji obyektlər hədəfə alınır və müəyyən zərbələr endirilir. Çoxlu itkilər var və görünən odur ki, Rusiya təzyiqləri artırmaqla Ukraynanı atəşkəs və tərtibçilik müqaviləsinə imza atdırmağa çalışır. Bu, prosesin getdikcə dərinləşdiyini göstərir. Düşünürəm ki, yaxın günlərdə danışıqlar yenidən bərpa olunacaq və bu danışıqlarda ortaq məxrəcə gəlinmə ehtimalı artacaq”.
Ramil Məmmədli “savaşın sonunu necə proqnozlaşdırırsınız?” sualını belə cavablandırıb: “Mən hesab edirəm ki, bir neçə yaxın onillikdə bu münasibətlərin tam həlli görünmür. Tez bir zamanda yekunlaşacağı inandırıcı deyil. Atəşkəs imzalansa belə, əsas problemlər həllini tapmayacaq. Buna görə də, Rusiya sülh müqaviləsi bağlamaq və Ukraynanı təslim olmağa məcbur etməyə çalışır. Əgər ortaq məxrəcə gəlinməzsə, mən düşünürəm ki, müharibə və qarşıdurma bir neçə il davam edəcək”.
Nigar Rəhimova
17:49 11.06.2025
Oxunuş sayı: 2550