Paşinyan "bir atımlıq barıt deyil" -RƏY

Erməni siyasi texnoloq Armen Badalyan deyib ki, tamamlanmamış
impiçment prosesi baş nazir Nikol Paşinyana seçkilərdən əvvəl “təhlükəsizlik
yastığı” yarada bilər.
O, bildirib ki, bu halda namizədin yaxşı və ya pis olmasının
heç bir önəmi yoxdur: “Məsələ prosesi başlamaqda deyil, onu başa
çatdırmaqdadır. Əgər siz impiçmenti başladıb tamamlamasanız, altı ay ərzində
baş naziri “təhlükəsizlik yastığı” ilə təmin edəcəksiniz. Çünki altı aydan
sonra yeni il başlayacaq və yanvarda seçkiqabağı kampaniya start götürəcək. Təbii
ki, növbəti impiçmenti yenidən başlatmaq mümkün olmayacaq. Çünki qarşıda seçkilər
durur”.
Ermənistan daxilindəki gərginlik və Paşinyan hakimiyyətinə
təhdidlər barədə Crossmedia.az-a açıqlama verən politoloq Tofiq Abbasovun sözlərinə
görə, impiçment məsələsi Paşinyan üçün bu mərhələdə elə də təhlükəli deyil:”
Ermənistan parlamentində səs çoxluğu Paşinyanın partiyasına məxsusdur və
impiçmentin keçməsi üçün gərək həmin səs çoxluğu bu qərarı dəstəkləsin.
Paşinyanın partiyası və tərəfdarları parlamentdə üstünlük təşkil etdiyinə görə
impiçment “ümumiyyətlə mümkünsüz bir şeydir. Hazırda Ermənistan və onun ətrafında
baş verən proseslərlə bağlı güclü PR kampaniyaları aparılır. Onun sözlərinə görə,
faktiki olaraq hazırda bədbinlik dalğaları müxtəlif tərəflərdən meydana çıxır və
bu vəziyyəti yaradan əsas qüvvələr Paşinyanın siyasi rəqibləridir”.
Politoloq vurğulayıb ki, bu qüvvələrin əsas məqsədi ictimai fikri Paşinyandan uzaqlaşdırmaq və onun populyarlığını azaltmaqdır. O deyib ki, gələn ilin iyun ayında Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək: “Siyasi qüvvələrin demək olar ki, hamısı artıq həm təbliğat, həm də təşviqat kampaniyasına başlayıblar. Bəziləri bu kampaniyaya tam gücü ilə start verib, digərləri isə gecikir. Amma barışmaz və radikal revanşist qüvvələr isə daha səssiz şəkildə, gizli fəaliyyət göstərirlər. Paşinyanın ünvanına yayılan bədbin xəbərlər məqsədyönlü şəkildə formalaşdırılır. Bu xəbərləri yayanlar, əsasən, tərəddüd edən seçiciləri özlərinə çəkməyə çalışan qüvvələrdir. Onlar bu cür informasiyalarla ictimai fikri manipulyasiya etməyə cəhd göstərirlər. Paşinyanın hələ də siyasi manevr imkanları tam tükənməyib. Xüsusilə də kilsəyə dair planları onun strateji baxımdan hələ də müəyyən imkanlara sahib olduğunu göstərir. Paşinyan siyasi texnologiyalar baxımından təcrübəyə və resurslara malikdir. Ermənistan baş naziri "bir atımlıq barıt deyil". Görünür, onun kifayət qədər siyasi imkanları var və o, bu imkanlardan istifadə edir”.
Fatimə Nəbiyeva
17:00 11.06.2025
Oxunuş sayı: 1229