Azərbaycan və Çin Orta Dəhlizdə blok-qatarlarının sayının artırılmasını müzakirə edib



Azərbaycan və Çin Orta Dəhliz üzrə konteyner blok-qatarlarının artırılması ilə bağlı atılacaq addımlar, Çindən Qara dənizə kimi yüklərin izlənməsinə imkan verəcək rəqəmsal platforma ilə bağlı fikir mübadiləsi aparılıb.
Crossmedia.az “AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, bu müzakirələr iyunun 2-5-də Almaniyanın Münhen şəhərində təşkil olunmuş “Nəqliyyat və Logistika – 2025’’ (Transport Logistic 2025) beynəlxalq sərgisində iştirak edən ADY sədri Rövşən Rüstəmovun Çinin Dəmiryol Konteyner Daşımaları Korporasiyasının (“China Railway Container Transport Corp.” – CRCT) prezidenti Yanq Binlə baş tutan görüşdə aparılıb.
Bildirilib ki, görüşdə iki ölkə arasında inkişaf edən nəqliyyat əlaqələri müzakirə olunub, bu xüsusda aprel ayında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı iki ölkə arasında imzalanmış “Kəmər və yol” təşəbbüsünün birgə təşviqi və beynəlxalq multimodal daşımalar haqqında sənədlərin xüsusi əhəmiyyəti qeyd olunub.
Həmçinin CRCT-nin Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmiryol qurumları arasında təsis edilmiş “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəyə qoşulmasının Orta Dəhlizin potensialının gücləndirilməsi istiqamətində mühüm addım olduğu vurğulanıb.
Həmçinin R. Rüstəmov sərgi çərçivəsində bir sıra aparıcı nəqliyyat və logistika şirkətlərinin rəhbərləri ilə görüşüb. O, Çinin digər aparıcı logistika şirkəti “Beijing Trans Eurasia International Logistics”in icraçı direktoru Uansu Donqla da görüşüb, bu şirkətin Çindən Avropaya və əks istiqamətdə blok-qatarların göndərilməsi üzrə ADY ilə əməkdaşlığı genişləndirmək barədə təklifləri müzakirə edilib, həmçinin Orta Dəhlizlə yükdaşımaların artırılması ilə bağlı qarşıdakı dövr üçün planlar nəzərdən keçirilib.
Sərgi çərçivəsində ADY sədri həmçinin Bolqarıstanın Burqas Limanının baş direktoru Boris Balev və Almaniyanın Hamburq Limanında fəaliyyət göstərən “HHLA International GmbH” şirkətinin rəhbərliyi ilə Orta Dəhliz üzrə yükdaşıma əməliyyatlarının səmərəli təşkili üçün regional limanlar arasında əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
Almaniyanın “Rhenus Group” və Avstriya Dəmir Yollarının (ÖBB) “ÖBB Rail Cargo Group” şirkətlərinin rəhbər heyəti ilə baş tutmuş görüşlərdə isə Çin–Avropa–Çin nəqliyyat bağlantısı ilə Azərbaycan üzərindən yükdaşımaların daha səmərəli təşkili üçün görülə biləcək birgə işlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı həmçinin Azərbaycanın Şərq-Qərb bağlantısında mühüm qovşaq kimi aparıcı rolu, nəqliyyat infrastrukturunun, o cümlədən Bakı–Tbilisi–Qars dəmiryol xəttinin perspektivləri diqqətə çatdırılıb.
Qeyd edək ki, ADY Münhendə təşkil olunmuş nüfuzlu mobillik sərgisində xüsusi stendlə təmsil olunur. Stenddə ADY-nin beynəlxalq dəhlizlər üzrə yükdaşıma əməliyyatları, Qarabağ və Şərqi Zəngəzurda icra edilən dəmiryol layihələri və infrastruktur quruculuğu, şirkətin dayanıqlılıq üzrə fəaliyyəti, xidmətləri, tətbiq etdiyi rəqəmsal həllər və Bakı Limanı haqqında ətraflı məlumatlar təqdim olunur.
11:37 04.06.2025
Oxunuş sayı: 1232