Əməkdar jurnalist: “Azərbaycanın dünya çempionluğu dövlətin idmana verdiyi yüksək dəyərin nəticəsidir”

Azərbaycan idmanında növbəti tarixi nəticə əldə olunub. Belə ki, Bakıda minifutbol üzrə dünya çempionatının finalında Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Beləliklə, millimiz rəqibi üzərində 4-2 hesabı ilə qələbə qazanaraq dünya çempionu olub.
Bununla da Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv tarixində ilk dəfə dünya çempionatının qalibi olub. Bu tarixi uğur həm də ölkəmizdə komanda idman növlərinin inkişaf etməməsinə dair yanlış təsəvvürlərin üstündən xətt çəkdi. Azərbaycana təbriklərin isə belə demək mümkünsə, ardı -arası kəsilmir.
Əməkdar Jurnalist, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Oqtay Bayramov bu möhtəşəm zəfərlə bağlı Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanın bu nailiyyəti təsadüfi deyil, illərlə davam edən uğurlu idman siyasətinin və sistemli hazırlığın bəhrəsidir: “Bir neçə il əvvəl Avropa çempionu olmuşduq, bu gün isə artıq dünya çempionuyuq. Bu, ölkəmizdə idmanın inkişafına göstərilən diqqətin və ardıcıl dövlət siyasətinin bariz nəticəsidir. Minifutbol digər idman növləri kimi dövlətin diqqət mərkəzindədir. Əgər bu sahədə lazımi şərait yaradılmasaydı, bu gün dünya çempionluğu sevincini yaşamaq da mümkün olmazdı. Azərbaycan yığması bu titula təsadüfən deyil, ciddi mübarizələrdən keçərək layiq görülüb. Komanda ardıcıl yeddi oyunda güclü rəqiblərlə qarşılaşıb və yalnız bir görüşdə bərabərlik qeydə alınıb. Bəhreynlə oyundakı bərabərlikdən sonra Azərbaycan millisi ardıcıl altı qələbə qazanaraq, sırası ilə Sloveniya, Mavritaniya, Rumıniya, İngiltərə, Monteneqro və finalda Macarıstanı məğlub edib".
O.Bayramov qeyd edib ki, bu çempionluq həm də dövlətin idmana verdiyi yüksək qiymətin nəticəsidir: “Azərbaycan idmanı artıq dünyada söz sahibidir. Bu uğur ölkəmizin beynəlxalq nüfuzuna müsbət təsir göstərməklə yanaşı, gənclərə də böyük motivasiya verir. Bu zəfər bizim gənclərimizə örnək olacaq. Onlar görəcəklər ki, əgər əzmlə çalışsan, doğru istiqamətdə irəliləsən, dövlət dəstəyi arxanda olsa, istənilən zirvəni fəth etmək mümkündür. Bu, yalnız bir komandanın yox, bütün xalqın uğurudur. Xalq bu zəfəri böyük coşqu ilə yaşadı. Azərbaycan xalqı bu qələbəni bir ailə kimi yaşadı. Hər kəsin sevinci, duaları, dəstəyi bu komandanın arxasında idi. Stadionda minlərlə azarkeşin, ölkə boyu milyonlarla insanın yaşadığı həyəcan və coşqu bir daha sübut etdi ki, idman bizi birləşdirir, gücləndirir”.
Sonda O. Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin idmanın inkişafına göstərdiyi xüsusi diqqəti də qeyd edib: “Cənab Prezidentin idmana, gənclərə olan qayğısı nəticəsində bu gün Azərbaycanın idman ailəsi yeni bir tarix yazdı. Mini futbol üzrə dünya çempionluğu bu qayğının real nəticəsidir. Biz bu uğura görə həm idmançılarımıza, həm də dövlətimizə minnətdarıq. Bu möhtəşəm qələbə Azərbaycan xalqına qürur və sevinc hissi yaşatmaqla yanaşı, ölkəmizi beynəlxalq idman səhnəsində daha da irəli aparacaq. Qızıl medallar yalnız bir titul deyil, həm də Azərbaycan xalqının əzm və iradəsinin simvoludur".
Zəhra Ağayeva
16:45 02.06.2025
Oxunuş sayı: 10920