Türkiyə COP31-ə yüksək səviyyədə ev sahibliyi edə bilər- AÇIQLAMA

İqlim dəyişikliyi ilə mübarizə qlobal səviyyədə ən mühüm məsələlərdən birinə çevrilib. Bu çərçivədə keçirilən COP sammitləri, dünya ölkələrinin bir araya gələrək iqlim siyasətini formalaşdırdığı və konkret addımlar atdığı platformaya çevrilib.
Azərbaycan COP29-a ev sahibliyi edərək, bu mühüm prosesə öz töhfəsini verib. Hazırda isə COP31 üçün namizəd olan Türkiyə, iqlim diplomatiyasında önəmli rol oynamağa iddialıdır. Azərbaycan isə qardaş ölkənin bu təşəbbüsünü dəstəkləyərək, onun uğur qazanması üçün təcrübəsini bölüşməyə və lazımi yardımı göstərməyə hazır olduğunu ifadə edib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun baş direktor vəzifəsini icra edən, coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmrani bildirib ki, COP31-ə namizəd qismində Türkiyənin çıxış etməsi fikrini yüksək qiymətləndirir:
“Bu, yalnız Türkiyə üçün deyil, ümumən türk dünyası üçün olduqca vacib bir məsələdir. Göründüyü kimi, COP-la bağlı tədbirlər yalnız iqlim dəyişiklikləri və ətraf mühitin qorunması ideyasını daşımır. Burada biz siyasi və iqtisadi maraqların qovuşması, dövlətlərarası münasibətlərin genişləndirilməsi və ölkənin gələn qonaqlara isti münasibətini görə bilirik. Müasir dövrümüzdə COP, qlobal ətraf mühitlə bağlı müxtəlif istiqamətli tədbirləri mühüm və vacib hesab edilən tədbirlər planının qəbul olunması, reallaşdırılması ilə yanaşı, dövlətin siyasi, iqtisadi, sosial, eləcə də infrastruktur gücünün göstərilməsi üçün bir arenadır. Bu baxımdan, COP31-ə ev sahibliyi etmək istəyən Türkiyəni dəstəkləyir və onun yüksək səviyyədə ev sahibliyinə qadir olduğuna inanıram”.
Nəzrin Salmanova
12:21 31.05.2025
Oxunuş sayı: 6192