Azad edilmiş ərazilərdə İKT və poçt xidmətləri üzrə görülən işlər açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşan insanların gündəlik həyatını asanlaşdıran rabitə infrastrukturunun qurulması, telefon, internet xidmətlərinin təşkili və poçt xidmətlərinin genişləndirilməsi istiqamətində də zəruri tədbirlər görülür.
Crossmedia.az xəbər verir ki, bunu Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzi nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun Ağdamda keçirilən iclasında Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi qrupunun rəhbəri Rəhman Hümmətov deyib.
O bildirib ki, hazırda 17 yaşayış məntəqəsində telekommunikasiya xidmətləri təşkil edilib və 4 535 abunəçinin müasir texnologiyalardan istifadə etməsinə şərait yaradılıb:
“Şuşa, Xankəndi, Füzuli və Laçın şəhərlərində, həmçinin Zəngilan rayonunun Ağalı kəndində və Xocavənd rayonunun Hadrut qəsəbəsində poçt şöbələri açılmaqla xidmətlər təşkil olunub. Bununla yanaşı, işğaldan azad edilmiş digər ərazilərdə fəaliyyət göstərən hərbi hissələrə, həmçinin əhali, dövlət qurumları, müəssisə və təşkilatlara təsdiqlənmiş marşrutlara uyğun olaraq səyyar poçt xidmətləri göstərilir”.
Rəhman Hümmətov bildirib ki, hazırda ərazidə bərpa edilən radio-televiziya yayım stansiyaları vasitəsilə 9 televiziya və 17 radio proqramının yayımı həyata keçirilir:
“Mobil telekommunikasiya xidmətlərinin təşkili üçün ümumilikdə 340 baza stansiyası quraşdırılıb. Şuşa, Laçın, Füzuli, Zəngilan, Ağdam, Xankəndi, Xocalı, Kəlbəcər və digər ərazilərdə telefon və yüksəksürətli internet xidmətləri göstərilir”.
18:28 30.05.2025
Oxunuş sayı: 1004