Azərbaycanla Aİİ arasında ticarət dövriyyəsi 60% artıb

Son üç il ərzində Azərbaycan və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri arasında ticarət dövriyyəsinin həcmi 60 % artaraq 6 milyard ABŞ dollarına yaxınlaşıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç Bakıda keçirilən "Avrasiyanın nəqliyyat karkasının formalaşması və Azərbaycanın bu prosesdə əhəmiyyətli rolu" mövzusunda beynəlxalq dəyirmi masada bildirib.
"Ticari-iqtisadi münasibətlərdə davamlı artımın təminatı nəqliyyat-logistika əlaqələrinin kompleks inkişafından keçir", - o vurğulayıb.
Öz növbəsində, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Dövlət İdarəçiliyi fakültəsinin baş müəllimi Nadejda Bıçkova qeyd edib ki, Azərbaycan strateji nəqliyyat qovşağı kimi rolunu gücləndirir: “Bu gün Azərbaycan inkişaf etmiş infrastruktura malik olmaqla və nəqliyyat şəbəkəsinin genişləndirilməsinə fəal şəkildə investisiya yatırmaqla mühüm tranzit qovşağı kimi strateji üstünlüyünü möhkəmləndirir”.
18:08 27.05.2025
Oxunuş sayı: 844