"Azərbaycan-Macarıstan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəlir" - Ekspert

Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlıq əlaqələri son illərdə sürətlə inkişaf edir. Prezident İlham Əliyevin Budapeştə rəsmi səfəri bu münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. İkitərəfli görüşlərdə iqtisadiyyat, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzusu olub.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Şölət Zeynalov Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, Azərbaycan və Macarıstan arasında münasibətlər təkcə enerji və iqtisadi sahələrlə məhdudlaşmır, bu əlaqələr strateji tərəfdaşlıq ruhunda daha da dərinləşir. Onun sözlərinə görə, hər iki ölkənin liderlərinin son görüşləri qarşılıqlı siyasi etimadın və regional əməkdaşlığın mühüm göstəricisidir.
Ş.Zeynalovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstan Baş naziri Viktor Orban arasında keçirilən görüşlər münasibətlərin gələcək inkişafı üçün yol xəritəsi rolunu oynayır. O qeyd edib ki, bu əlaqələr “təkcə ikitərəfli maraqlar çərçivəsində yox, həm də Avropa və Avrasiya məkanında geosiyasi sabitliyin təmin olunmasında mühüm amil kimi çıxış edir”.
Ekspert vurğulayıb ki, xüsusilə enerji sahəsində əməkdaşlıq Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini daha da artırır. Onun sözlərinə görə, Azərbaycan qazının Macarıstana və digər Avropa ölkələrinə nəqli Cənub Qaz Dəhlizinin real faydasını bir daha ortaya qoyur. “Azərbaycanın yaşıl enerji potensialı və bu sahədə Macarıstanla əməkdaşlıq imkanları gələcəkdə Avropa enerji bazarında yeni mərhələnin başlanğıcına çevrilə bilər” – deyə Şölət Zeynalov qeyd edib.
Şölət Zeynalov bildirib ki, iki ölkə arasında təkcə iqtisadi və enerji sahələrində deyil, eyni zamanda mədəni-humanitar əlaqələrin də inkişaf etdirilməsi vacibdir. Onun fikrincə, təhsil sahəsində əməkdaşlıq, xüsusilə azərbaycanlı tələbələrin Macarıstanda ali təhsil almaları, gələcək nəsillər arasında qarşılıqlı anlaşmanı gücləndirəcək.
Ekspert hesab edir ki, Azərbaycan-Macarıstan əlaqələrinin gələcək inkişafı həm regional, həm də beynəlxalq müstəvidə ölkəmizin mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verəcək.
Şölət Zeynalovun fikrincə, Azərbaycan və Macarıstan arasında mövqelərin bir çox məsələlərdə üst-üstə düşməsi, xüsusilə beynəlxalq münasibətlərdə oxşar yanaşmaların olması, iki ölkənin strateji tərəfdaşlığını möhkəmləndirən əsas amillərdəndir.
O əlavə edib ki, coğrafi baxımdan da Azərbaycanla Macarıstan arasında oxşarlıqlar var. “Hər iki ölkənin açıq dənizlərə çıxışı yoxdur. Bu, onları regional əməkdaşlığa daha çox ehtiyaclı edir və qarşılıqlı asılılığı artırır,” – deyə elmi işçi bildirib.
Ş.Zeynalovun sözlərinə görə, Azərbaycan xalqı kimi macar xalqı da öz tarixi köklərinə dərin bağlılıq göstərir. Bu isə xalqlar arasında mənəvi yaxınlığı və qarşılıqlı anlaşmanı gücləndirir. “Azərbaycan və Macarıstan xalqları tarixi imperiyalar yaratmış xalqlardır. Onların eyni zamanda oxşar tale yaşaması bu münasibətləri daha da doğmalaşdırır" – deyə ekspert qeyd edib.
Dosent Zeynalov Azərbaycanın Ermənistan tərəfindən uzun illər işğala məruz qalmasını da xatırladaraq vurğulayıb ki, bu dövrdə Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan mövqeyi həmçinin müstəqilliyinə və ərazi bütövlüyünə sadiqliyini göstərdi. O bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan qələbə Azərbaycan xalqının və dövlətinin əzmini bütün dünyaya nümayiş etdirdi.
Ekspert, həmçinin Azərbaycanın müharibə şəraitində olmasına baxmayaraq, beynəlxalq tərəfdaşlıqları genişləndirməyə davam etdiyini deyib. Onun sözlərinə görə, bu, Azərbaycanın həm regional, həm də qlobal siyasətdə aktiv və etibarlı aktora çevrildiyini göstərir.
Şölət Zeynalov əlavə edib ki, Azərbaycan və Macarıstan arasında əlaqələrin inkişafı gələcəkdə yeni əməkdaşlıq istiqamətlərini əhatə edə bilər. O qeyd edib ki, strateji tərəfdaşlıq formatı bu əlaqələrin davamlı və uzunmüddətli olmasını təmin edir.
Fatimə Nəbiyeva
18:04 23.05.2025
Oxunuş sayı: 7321