“Türk dünyasının birliyi artıq qlobal güc mərkəzinə çevrilir” - Deputat

Türk Dövlətləri Təşkilatı son illərdə siyasi, iqtisadi və mədəni əməkdaşlığın gücləndirilməsi istiqamətində atdığı addımlarla Avrasiyanın əsas strateji birliklərindən birinə çevrilməkdədir. Regional və qlobal proseslərdə təsir dairəsini genişləndirən təşkilat üzv dövlətlər arasında həmrəylik və ortaq maraqlara əsaslanan əlaqələri daha da dərinləşdirir. Enerji, nəqliyyat, təhlükəsizlik və informasiya sahələrində ortaq layihələrin reallaşdırılması TDT-nin gələcək perspektivlərini möhkəmləndirən əsas amillər kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Deputat Müşfiq Cəfərov Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, Türk dövlətləri və xalqları arasında siyasi-mədəni əlaqələr müasir dövrdə daha da möhkəmlənir. Bu prosesin əsas təşəbbüskarlarından biri olan Azərbaycan, türkçülük ideyasının gerçəkləşməsi istiqamətində mühüm addımlar atır.
Deputat Müşfiq Cəfərovun sözlərinə görə, Azərbaycan dövlətinin təşəbbüsü ilə bu gün türkçülük, türk dövlətlərinin birliyi və türk dünyasının güclənməsi ideyası artıq real əməkdaşlıqlarla həyata keçirilir. “Bu birlik artıq yalnız sözlə ifadə edilmir, əməli addımlarla gerçəkləşdirilir” – deyə deputat bildirib.
Müşfiq Cəfərov qeyd edib ki, Türk Dövlətləri Təşkilatının (TDT) əsası məhz Azərbaycanda qoyulub. O vurğulayıb ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında saziş 2009-cu ildə Naxçıvanda imzalanıb və bu, türk dünyası üçün tarixi bir mərhələ olub.
Deputatın sözlərinə görə, təşkilat 2021-ci ildən etibarən daha da genişlənərək Türk Dövlətləri Təşkilatına çevrilib və bu gün Türkmənistan və Macarıstan da qurumda müşahidəçi statusu ilə təmsil olunurlar. O əlavə edib ki, təşkilat Avrasiyada geosiyasi və iqtisadi baxımdan mühüm rol oynayan dövlətləri öz ətrafında birləşdirib.
Müşfiq Cəfərov bildirib ki, TDT üzv ölkələrin sıx əməkdaşlığı sayəsində bu gün dünya miqyasında nüfuzlu quruma çevrilib. “Türk Dövlətləri Təşkilatı artıq qlobal iqtisadi-siyasi proseslərə təsir edən bir güc mərkəzinə çevrilib” – deyə deputat qeyd edib.
Deputat vurğulayıb ki, Azərbaycan üzv dövlətlərlə həm təşkilat çərçivəsində, həm də ikitərəfli əsasda sıx münasibətlərə malikdir. O xatırladıb ki, türk dövlətləri 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycanın haqlı mövqeyini qətiyyətlə dəstəkləyiblər.
Müşfiq Cəfərov sonda əlavə edib ki, Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunan bəzi türk dilli ölkələr belə Azərbaycanın tərəfində olublar. Onun fikrincə, bu, Azərbaycanın yürütdüyü uğurlu diplomatiya və qardaşlıq münasibətlərinin göstəricisidir.
Fatimə Nəbiyeva
12:47 23.05.2025
Oxunuş sayı: 805