Rusiya Ermənistan hakimiyyətinə qarşı kampaniyaya başlayıb: Paşinyan devriləcək?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında deyib ki, Ermənistan müstəqillik əldə etdikdən bəri Rusiya silahlarından istifadə edir və həmçinin Qarabağda da 7 rayonu ələ keçirmək üçün Rusiya silahlarından istifadə olunub.
XİN rəhbəri qeyd edib ki, Rusiya silahları Azərbaycanın 7 rayonunu şəksiz tutmaq və orada istehkamlar yaratmaq, o cümlədən hərbi xətlər qurmaq üçün istifadə olunub ki, bu da hesablamada bu ərazilərin uzun müddət saxlanılması üçün aparıldığını göstərirmiş.
O bildirib ki, bəzi analitiklərin fikrincə, bu istehkamların xarakteri göstərir ki, onların heç vaxt Azərbaycana qaytarılması planlaşdırılmayıb.
Rusiyadan Ermənistana reallaşdırılmamış silah tədarükünə gəlincə, Lavrov bəyan edib ki, bu gün həmin məsələ müzakirə olunaraq həll olunub və ödənişlər başqa məqsədlərə yönəldilib.
“Avropaya qarşı mübarizə aparmaq məcburiyyətindəyik. Bu vəziyyətdə Ukraynaya böyük miqdarda müasir silahlar verilir və bu, bizim cavabımızı tələb edir. Erməni tərəfdaşlar anlayırlar ki, bu vəziyyətdə bəzən bütün öhdəlikləri göstərilən müddətlərdə yerinə yetirmək mümkün olmur. Lakin müqavilədə nəzərdə tutulan bütün vəsait Ermənistana verilir və proses davam edəcək. Başqa ölkələrdən silah alınmasına gəlincə, Rusiya bunun əleyhinə deyil və bu, Ermənistanın seçimidir”, - deyə siyasətçi əlavə edib.
Onun sözlərinə görə, Qarabağ məsələsində heç kim Moskvanı qınaya bilməz, çünki iyirmi ilə yaxındır ki, Rusiyanın sabiq Prezidenti Dmitri Medvedev və hazırki dövlət başçısı Vladimir Putin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün addımlar atıb və təkliflər veriblər.
Onun səsləndirdiyi bu fikirlər barədə Crossmedia.az-a danışan beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli söyləyib ki, Rusiya hazırda Ermənistanın ictimai rəyinə oynayır və orada anti-Paşinyan qüvvələrini canlandırır: “Həmçinin Ermənistan əhalisi baş nazir Nikol Paşinyan əleyhinə hazırlanır. Bu açıqlamalar ona söykənir ki, ictimai rəydə Paşinyana daha çox zərbə dəysin. Bu cür addımlarla Paşinyanın hakimiyyətdən salınıb - salına bilinməyəcəyini yalnız zaman göstərə bilər. Çünki Paşinyanın tərəfində olan qüvvələr də çoxdur. Paşinyan deyildiyi və göründüyü qədər zəif mövqedə deyil. Həmçinin o da nəzərə alınmalıdır ki, Azərbaycanla-Ermənistan müharibəsindən sonra Rusiyanın da sərgilədiyi mövqe Ermənistana heç bir üstünlük yaratmadı. Müharibə nəticəsində yaranan vəziyyətdən Ermənistanı xilas etmədi”.
Ayhan Ağarzayev
19:22 22.05.2025
Oxunuş sayı: 554