"Paşinyan vaxt qazanmağa çalışır" - Deputat sərt danışdı

Ermənistanın Baş Naziri Nikol Paşinyanın İTV-yə (Azərbaycan) verdiyi müsahibədə sülh sazişinin imzalanması, ATƏT-in Minsk Qrupunun ləğvi və Ermənistan–Azərbaycan münasibətləri ilə bağlı səsləndirdiyi fikirlər Bakıda narazılıqla qarşılanıb.
Paşinyanın müsahibədə səsləndirdiyi fikirlərlə bağlı Milli Məclisin deputatı Kamal Cəfərov sosial media hesabında paylaşım edib.
Crossmedia.az paylaşımı təqdim edir.
Kamal Cəfərov paylaşımında verdiyi cavaba əsasən bildirib ki, Ermənistan rəhbərliyi sülh prosesinə səmimi yanaşmır və əvvəlki vədlərindən geri çəkilir. “Paşinyanın müsahibəsindəki fikirlər bir daha sübut edir ki, rəsmi İrəvan sadəcə vaxt qazanmağa çalışır” – deyə deputat bildirib.
Deputat qeyd edib ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarına istinad edərək konstitusiyada guya Azərbaycana qarşı ərazi iddialarının hüquqi əsaslarının aradan qaldırıldığını demək, reallığı əks etdirmir və beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş gedişdir. Onun sözlərinə görə, hazırda qüvvədə olan Ermənistan Konstitusiyasının Preambulasında 1990-cı il 23 avqust tarixli Müstəqillik Bəyannaməsinə istinad edilir ki, bu sənəddə açıq şəkildə Qarabağa dair ərazi iddiası yer alır.
Cəfərov əlavə edib ki, bu addımla Ermənistanın Konustusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı normativ istinad formalaşdırılıb. Deputatın sözlərinə görə, Konstitusiya Məhkəməsinin son qərarı vəziyyəti daha da ağırlaşdırır. “Məhkəmə Preambulanı ‘dəyişdirilə bilməz’ elan etməklə hüquqi səlahiyyətini aşıb və bu, Ermənistan cəmiyyətinin suveren iradəsinə ziddir” – deyə deputat vurğulayıb.
Sonda Kamal Cəfərov qeyd edib ki, Azərbaycan tərəfi Ermənistan Konstitusiyasının yalnız Preambula hissəsinin dəyişdirilməsini tələb edirdi. Lakin hazırkı hüquqi yanaşma sülh sazişinin imzalanmasını daha da çətinləşdirir. Deputatın fikrincə, Ermənistan rəhbərliyi “sülh istəyirik” desə də, atdıqları addımlar bu niyyətin əksinə yönəlib.
Fatimə Nəbiyeva
15:16 16.05.2025
Oxunuş sayı: 556