SSRİ bayrağı və “qırmızı lent” qalmaqalı: Saleh Səmədov Ağsaqqallar Şurasından uzaqlaşdırıldı

İmişli rayonunun Ağsaqqallar Şurasının sədri olmuş Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb. Bu qərar onun 9 may 2025-ci il tarixində faşizm üzərində Qələbə Günü münasibətilə keçirilən tədbirdə SSRİ bayrağı və “Georgi lenti” ilə çıxış etməsi ilə əlaqələndirilir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyəti Saleh Səmədovun bu hərəkətini qəbuledilməz hesab edib. O, İmişli rayonunun Sarıxanlı kəndində keçirilən tədbirdə SSRİ bayrağı altında və sinəsində “Georgi lenti” ilə çıxış edib. Həmin lent tarixən Rusiya imperiyasının və son dövrlərdə Rusiya təbliğatının simvollarından biri hesab olunur.
İdarə Heyətinin açıqlamasında bildirilir ki, bu cür atributlardan istifadə Azərbaycanda qəbul olunmuş milli-mənəvi dəyərlərə və ictimai mövqeyə ziddir. Məhz bu səbəbdən Saleh Səmədov həm vəzifəsindən azad olunub, həm də ümumilikdə Ağsaqqallar Şurasından kənarlaşdırılıb.
Qeyd edək ki, “Georgi lenti” son illərdə Rusiya tərəfindən geniş təbliğ olunur və xüsusilə Ukrayna müharibəsi fonunda siyasi simvola çevrilib. Azərbaycanda isə bu cür simvollara qarşı həssaslıq artır və onların rəsmi tədbirlərdə istifadəsi narahatlıq doğurur.
Fatimə Nəbiyeva
20:17 13.05.2025
Oxunuş sayı: 486