Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı: Böyük Qayıdışa daha bir töhfə

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı olub.
Crossmedia.az Azərbaycan Dəmir Yolları (ADY) QSC-yə istinadən bildirir ki, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Bərdə-Ağdam dəmir yolu xətti layihəsinin 2-ci mərhələsi çərçivəsində inşa olunub.
Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb. Sərnişinlərin həm qatar perronuna, həm də avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlara rahat keçidi təmin olunub. Kompleksin ərazisində müxtəlif növ nəqliyyat vasitələrinin servis binaları və sərnişin platforması da tikilib. Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində inşa olunub, uzunluğu 350 metrdir. Ərazidə fərdi, orta və iritutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaqlar, şəhərlərarası və rayondaxili marşrutlar üzrə avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi də yaradılıb.
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.
18:07 12.05.2025
Oxunuş sayı: 970