Azərbaycan Vyetnam əlaqələrində yeni dinamika

Cənub-Şərqi Asiyanın ən dinamik inkişaf edən ölkələrindən biri olan Vyetnam Azərbaycanla münasibətlərinin inkişafına xüsusi diqqət yetirir. Elə Azərbaycan üçün də bu ölkə ilə qarşılıqlı əlaqələrin ən müxtəlif sferalarda dərinləşdirilməsi əsas maraq dairəsində yer alır. Ölkələrimiz Avrasiyada tranzit daşımalar və logistika baxımından önəmli rola malikdirlər. Qarşılıqlı əlaqələrin inkişafı isə bu kontekstdə də tərəflər üçün əlavə üstünlüklər yaradır.Proseslərin gedişi ölkələrimiz arasında qarşılıqlı münasibətlərin inkişafında yeni mərhələnin başlanmaqda olduğunu göstərir. Məsələ ilə bağlı Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində qeyd edib ki, ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir. İqtisadi-ticari münasibətlərə toxunan dövlət başçısı bildirib ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur: “Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir”.Azərbaycan və Vyetnam müxtəlif beynəlxalq platformalarda da uğurla əməkdaşlıq edirlər. Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarda iki ölkə bir-birinin təşəbbüslərini dəstəkləyir, ortaq mövqelər nümayiş etdirirlər. Xüsusilə, Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə inkişaf etməkdə olan ölkələrin maraqlarının qorunması istiqamətində apardığı prinsipial siyasət Vyetnam tərəfindən yüksək qiymətləndirilib.
İqtisadi əlaqələrin dərinləşməsi də uğurla həyata keçirilir. Həm Azərbaycan, həm də Vyetnam bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı addımlar atırlar. Azərbaycanın neft-qaz sektorundakı təcrübəsi, nəqliyyat və logistika infrastrukturunun inkişafı, Vyetnamın isə sürətlə artan sənaye gücü və istehsal potensialı qarşılıqlı investisiya-texnologiya mübadiləsi üçün əlverişli zəmin yaradır.07 may 2025-ci il tarixində Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfərinə gəlməsi yarım əsrdən artıq tarixə malik münasibətlərin yeni müstəvidə inkişaf edəcəyini deməyə əsas yaradır. Prezident İlham Əliyevin 06 may tarixində “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə zamanı qeyd etdiyi kimi, “Vyetnam lideri cənab Lamın səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq. Ölkə başçısı müsahibə zamanı iki ölkə arasında münasibətlərin hər bir aspektinə toxunaraq, inkişafın nəinki iqtisadi sahədə, eyni zamanda mədəniyyət, humanitar və təhsil sahələrində də müsbət dinamikasını vurğuladı. Hər iki ölkənin zəngin mədəni irsi, qədim ənənələri və multikultural cəmiyyəti bu istiqamətdə əməkdaşlığın qurulmasında stimullaşdırıcı rol oynayır. Xüsusilə, Heydər Əliyev Fondunun əlaqələndirilməsi və təşkilatçılığı ilə təhsil sahəsində mühüm əhəmiyyət kəsb edən işlər görülüb.Ümumiyyətlə, Azərbaycan–Vyetnam münasibətlərini regionlararası əməkdaşlığın uğurlu nümunəsi kimi adlandırmaq olar. Müxtəlif mədəniyyətlərə, coğrafiyalara və tarixi təcrübələrə malik olmalarına baxmayaraq, iki ölkə arasında formalaşmış qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər hər zaman sülhün, təhlükəsizliyin, sabitliyin carçısı olan Azərbaycanın xalqlar arasında münasibətlərin inkişafına verdiyi dəyətin bariz nümunəsidir.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri
15:22 12.05.2025
Oxunuş sayı: 5794