Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş futzal turniri keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və universitetin yaranmasının 50 illik yubileyinə həsr olunmuş AzMİU-nun fakültələri arasında futzal turniri keçirilib.
Crossmedia.az xəbər verir ki, yarış UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) birgə təşkilatçılığı ilə baş tutub.
Universitetin idman zalında 3-cü yer uğrunda təşkil edilən qarşılaşmada İnşaat kollecinin komandası İnşaat fakültəsinin kollektivini 4:3 hesabı ilə məğlub edərək, turnirin bürünc mükafatına yiyələnib. Finalda Nəqliyyat fakültəsinin komandası Tikinti İqtisad fakültəsinin komandası ilə qarşılaşıb. Oyunun əsas vaxtı heç-heçə yekunlaşıb. Oyunsonrası penalti zərbələrində üstün olan Nəqliyyat fakültəsinin kollektivi turnirin qalibi olub.
Qalib komanda AFFA tərəfindən kubokla, ilk 3 yeri tutan kollektivlər isə müvafiq medallarla təltif ediliblər. Turnirdə müxtəlif nominasiyalar üzrə mükafatçılar da müəyyənləşib.
Nəqliyyat komandasının oyunçusu Ümid Rəcəbova “Ən yaxşı oyunçu”, İnşaat kolleci komandasının oyunçusu Emin Əliyevə isə “Ən yaxşı qapıçı” nominasiyaları üzrə mükafat təqdim olunub. Mükafatları və kuboku iştirakçılara AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev və digər rəsmi şəxslər birlikdə təqdim ediblər.
10:56 05.05.2025
Oxunuş sayı: 896