Milli Fəaliyyət Planının icrası və tərəqqi hesabatı gündəmdə

Nazirlər Kabinetinin Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının mayın 1-də növbəti iclası keçirilib.
Crossmedia.az-ın məlumatına görə, Baş Nazirin müavini, Koordinasiya Şurasının sədri Samir Şərifov Şura tərəfindən 2024-cü ildə görülmüş işlərin təhlil edilməsinin zəruriliyini bildirmiş, bu tədbirlərin icrasının ölkənin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin daha effektiv olmasına zəmin hazırlayacağını qeyd edib.
Eyni zamanda, Şura sədri Avropa Şurası MONEYVAL Komitəsi tərəfindən tərəqqi hesabatı sorğusunun göndərildiyini və hesabatın uğurla tamamlanmasının önəmini xüsusi olaraq vurğulayıb.
İclasda Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadənin Milli Fəaliyyət Planınında 2024-cü il üzrə nəzərdə tutulmuş tapşırıqların icrasına dair hesabatı, həmçinin Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Mərkəzi Bank və Dövlət Vergi Xidmətinin nümayəndələrinin görülmüş işlərin cari vəziyyəti barədə məlumatları dinlənilmiş, eyni zamanda Avropa Şurası MONEYVAL Komitəsinin cari ildə aparacağı tərəqqi qiymətləndirməyə hazırlıq vəziyyəti və digər məsələlər geniş müzakirə olunmuşdur.
İclasın yekunu olaraq, Milli Fəaliyyət Planının 2024-cü il üzrə icrası vəziyyəti barədə hesabatın Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim edilməsi barədə razılıq əldə olunmuş, habelə MONEYVAL tərəqqi hesabatının təqdim edilməsinə hazırlıq məqsədilə atılmalı olan növbəti addımlar müəyyən edilmiş və digər qərarlar qəbul edilmişdir.
14:44 01.05.2025
Oxunuş sayı: 712