Hugging Face yeni nəsil 3D çap oluna bilən robot qolunu təqdim etdi

Süni intellekt texnologiyaları ilə tanınan Hugging Face şirkəti, proqramlaşdırıla bilən və 3D çap oluna bilən yeni robot qolu — SO-101 modelini təqdim edib. Şirkət yeni modelin satış qiymətini 100 dollar olaraq açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, yeni robot qolu, obyektləri götürmək, yerləşdirmək və müxtəlif sadə tapşırıqları yerinə yetirmək qabiliyyətinə malikdir. SO-101 modeli Hugging Face-in robot texnologiyaları bölməsi olan LeRobot tərəfindən, Fransa mənşəli The Robot Studio şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Qeyd edək ki, Hugging Face ötən il də SO-100 adlı modelini təqdim etmiş və həmin robot qolu oktyabr ayında bazara çıxarılmışdı. SO-101 modelinin əsas üstünlükləri arasında daha sürətli yığılma imkanı və sürtünməni azaldan təkmilləşdirilmiş mühərriklər yer alır. Bu mühərriklər sayəsində robot qolu öz çəkisini daşıya bilir və daha sabit fəaliyyət göstərir.
Layihənin həyata keçirilməsində WowRobo, Seeed Studio və PartaBot kimi texnologiya və avadanlıq təminatçıları da iştirak edib. Şirkət, bu təşəbbüslə robot texnologiyalarını daha əlçatan və istifadəyə yararlı hala gətirməyi məqsəd qoyduğunu bildirib.
Zeynəb Yunuszadə
18:10 30.04.2025
Oxunuş sayı: 739