Bank kartı oğurluqları və saxta təhsil vədləri: Cavanşir Rüstəmzadə və dəstəsinin məhkəməsi başladı

Bank kartlarından xüsusi proqramlardan istifadə etməklə pullar oğurlamaqda və digər cinayətlərdə təqsirli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulaminin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
Crossmedia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.
Zərərçəkən Vəfa Vəliyeva deyib ki, təqsirləndirilən Cavanşir Rüstəmzadənin yaxını Elmira Məmmədovaya oğlunun universitetə qəbul olunması üçün pul verib:
"O vaxt oğlum imtahandan kəsildi. Elmira mənə dedi ki, bir tanışı var, 15 min manata universitetə düzəldir. Uşaq Bakıya gəldi, 0 bal topladı. Dedilər ki, biz həll edəcəyik. Dəfələrlə evlərinə getdim, dedilər ki, özümüz pulu qaytaracayıq. Sonra Cavanşirlə danışdım, hissə-hissə 15 min manatı qaytardı. Elmira demişdi ki, cavanşir əmim oğludur. Həmçinin Cavanşirə 5 min 500 manat da qardaşıma görə vermişdik".
Zərərçəkən Elmira Məmmədova deyib ki, təqsirləndirilən Cavanşir Rüstəmzadəyə İdman Akademiyasının qabiliyyət imtahanı üçün pul verib:
"Cavanşir dedi ki, 6 min manata İdman Akademiyasının qabiliyyət imtahanından keçirə bilər. O, mənim qohumum deyil, təxmini 3-4 il əvvəl tanımışdım. Verdiyim pulu geri qaytarmayıb. Zərərçənlərdən pulları alıb Gəncədən Sumqayıta Cavanşirə göndərirdim. O, bunu məndə xahiş etmişdi deyə köməklik edirdim".
Növbəti proses mayın 21-nə təyin olunub.
İttihama görə, onlar zərərçəkmişlərin vəzifələrinə təqaüd və sosial sığorta düzəltməkdə, işə qəbul etməkdə və ali məktəbə tələbə qəbul etdirmək adı ilə vətəndaşların pullarını alıblar.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə pul oğurlamaqda şübhəli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıblar.
Araşdırmalarla M.Əsədovun vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə etdiyi müəyyən olunub.
İttihama görə, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb. Pul vəsaitləri müxtəlif bankomatlarda nağdlaşdırılaraq saxlanılan şəxslər arasında bölünüb.
Dəstə üzvləri həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə etməkdə ittiham olunublar.
13:32 28.04.2025
Oxunuş sayı: 832