Azərbaycan sülhə hazırdır, problem Ermənistandadır – DEPUTAT

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının Ali Nümayəndəsi Kaya Kallası qəbul edib. Kaya Kallasın bu səfəri onun Avropa İttifaqının Ali Nümayəndəsi statusunda Azərbaycana ilk səfəri kimi tarixə düşüb. Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri və regional proseslər müzakirə olunub.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı, professor Anar İsgəndərov bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri xüsusilə iqtisadi sahədə hər keçən gün daha da inkişaf edir. Onun sözlərinə görə, artıq Azərbaycan 1990-cı illərin zəif dövləti deyil, güclü iqtisadiyyatı ilə Avropa İttifaqının 8 ölkəsinə qaz ixrac edir və bu, qarşılıqlı münasibətləri daha da gücləndirir.
Deputat Avropa İttifaqının Ermənistanla bağlı siyasətinə də toxunaraq qeyd edib ki, İttifaqın Azərbaycan sərhədlərinə qrup göndərməsi bəzi suallar doğurur. Anar İsgəndərov bildirib ki, Avropa İttifaqının Ermənistanı dəstəkləməsi, Azərbaycanın haqq işinə isə bəzən biganə yanaşması qurumun nüfuzuna xələl gətirir.
Professor 44 günlük Vətən müharibəsinin nəticələrinin Azərbaycanı regionda və dünyada tanınan güclü dövlətlər sırasına çıxardığını vurğulayıb. O, qeyd edib ki, Prezident İlham Əliyev görüş zamanı sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycanın mövqeyini bir daha nümayiş etdirdi və bu istiqamətdə Azərbaycanın heç bir problemi olmadığını Avropa İttifaqının Ali Nümayəndəsinin diqqətinə çatdırdı.
Deputatın fikrincə, Ermənistanın bəzi problemləri həll etməsindən sonra sülh müqaviləsi imzalanacaq və Avropa İttifaqının sərhəddəki mövcudluğu da əhəmiyyətini itirəcək.
Sonda Anar İsgəndərov qeyd edib ki, Kaya Kallasın Azərbaycanda şahidi olduğu əsas mənzərə ondan ibarətdir ki, Azərbaycan dünyaya açıq, sülhə hazır bir dövlətdir və Avropa dövlətləri Azərbaycanın enerji və nəqliyyat sahəsindəki rolunu getdikcə daha çox qiymətləndirir.
Toğrul Əhmədzadə
13:25 26.04.2025
Oxunuş sayı: 1654