Azərbaycanın hərb tarixinə dair kitab çapdan çıxıb

Milli Müdafiə Universitetin Hərbi Elmi-Tədqiqat İnstitutunda “Azərbaycanın hərb tarixi. Xronoloji xülasə (1920-1991-ci illər)” kitabının III hissəsi çap olunub.
Crossmedia.az xəbər verir ki, kitabın müəllifi universitetin Hərbi Elmi-Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevdir.
Zəngin tarixi mənbələr əsasında dörd hissədən ibarət olan bu əsərdə Azərbaycan hərb tarixinin ən mühüm hərbi-siyasi hadisələrinin xronoloji xülasəsi (1920-1991-ci illər) verilib.
Kitabın üçüncü hissəsində 1920-1945-ci illərdə sovet Azərbaycanında mövcud olan hərbi-siyasi vəziyyət, yeni ordu quruculuğunun xüsusiyyətləri, onun məzmun və mahiyyəti, həmçinin Azərbaycanın 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində Sovet İttifaqının qələbəsinə verdiyi töhfələr açıqlanır, azərbaycanlıların Qırmızı Ordu sıralarına səfərbər edilməsi, onların milli hərbi birləşmələrin tərkibində İkinci Dünya müharibəsi cəbhələrində iştirakı məsələlərinə mühüm yer ayrılır. Burada milli bölmələrin formalaşması prosesi və döyüş yolu, onların Qafqazın müdafiəsində ən mühüm rolu, Ukrayna, Belarus, Baltikyanı ölkələr və Sovet İttifaqının digər işğal olunmuş ərazilərinin, eləcə də Şərqi və Mərkəzi Avropanın azad edilməsində Sovet Silahlı Qüvvələrinin digər birlik və birləşmələri ilə sıx əməkdaşlığı göstərilir.
Eyni zamanda, vəsaitdə 1946-1991-ci illərdə sovet Azərbaycanında milli tərkibli ordu hissələrinin təşkili, milli hərbi kadrlar hazırlığı, Azərbaycanın İkinci Dünya müharibəsində iştirakı, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında XX əsrin 70-80-ci illərində Azərbaycanda aparılan böyük hərbi quruculuq işləri barədə faktlar yer alıb.
Kitab Milli Müdafiə Universitetinin xüsusi təyinatlı təhsil müəssisələrində “Azərbaycan hərb tarixi” fənnini öyrənən kursantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
12:00 25.04.2025
Oxunuş sayı: 720