Antun Dujmoviç: Azərbaycan Cənubi Qafqazda sülhün təmin edilməsi üçün şərait yaradıb

Azərbaycan bütün Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün şərait yaradıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Xorvatiyanın İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutunun Avropaya İnteqrasiya Departamentinin baş hüquqşünası Antun Dujmoviç bildirib.
"Bu, həqiqətən də Azərbaycan üçün tarixi bir zamandır. Bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin reinteqrasiyasına kömək edir, Qarabağın inteqrasiyası isə bütün regionun sabitliyinə töhfə verir", - o deyib.
A.Dujmoviç vurğulayıb ki, bu məsələ üç onillik ərzində yetişib və nəhayət, məntiqi həllini tapıb.
"Əlbəttə, başqa problemlər də var, lakin indi elə bir vəziyyət yaranıb ki, ölkə öz ərazisinə tam nəzarət edir. Bu, regionda sadəcə atəşkəs üçün deyil, sabit sülhün yaradılması üçün də əsasdır", - o qeyd edib.
Ekspert həmçinin söyləyib ki, Azərbaycan Prezidenti İlham Əliyev regional və qlobal proseslər barədə çox yaxşı məlumatlıdır.
"Prezident İlham Əliyevlə söhbət bizim üçün böyük təcrübə oldu. Biz çoxlu maraqlı məlumat eşitdik", - baş hüquqşünas bildirib.
Ekspert həmçinin əlavə edib ki, azad edilmiş ərazilərin reinteqrasiyası prosesini şəxsən müşahidə edə bilib: "Biz Qarabağı, Xankəndini ziyarət etdik, beləliklə, vəziyyəti yerində müşahidə edə bildik. Biz insanların öz evlərinə qayıtdığını, ölkənin bərpa olunduğunu gördük. Bu, heyrətamiz təcrübə idi".
18:36 09.04.2025
Oxunuş sayı: 1767