Deputat: "Bu şərtlər yerinə yetirilmədən Ermənistanla sülh qeyri-mümkündür"

Ermənistan müntəzəm olaraq Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu bildirir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı sülh danışıqlarının davam etdirilməsinə və müqavilənin bağlanmasına səmimi maraq göstərdiklərini bəyan edib. Son illərdə iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində diplomatik səylər artsa da, prosesin tam yekunlaşması üçün hələ də həllini gözləyən mühüm məsələlər mövcuddur.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Ermənistan indiyədək üzərinə götürdüyü vədləri yerinə yetirməyib: 2Azərbaycan dövləti sülh prosesinin prinsipal şərtlər əsasında həll olunmasını tələb edir. Şərtlər əsasən kommunikasiyaların açılması, konstitusiyada dəyişikliklərin aparılması, ATƏT-in keçmiş Minsk qrupunun tamamilə ləğv edilməsi və Azərbaycan ərazilərinə qarşı irəli sürülən iddialardan imtina edilməsidir. Azərbaycanın bu tələbləri tam əsaslandırılmış və dayanıqlı sülhün əldə olunması üçün vacib nüanslardır.Bu şərtlər yerinə yetirilmədikcə sülh prosesinin real nəticə verməsi mümkün deyil. İrəvan dünya ictimaiyyətini çaşdırmaq üçün sülhə hazır olduğunu bəyan etsə də, əməldə bunu nümayiş etdirmir. Konkret olaraq sülh müqaviləsinin imzalanması üçün masa arxasında oturmaq və razılaşmaları qəbul etmək lazımdır. Lakin bunun əvəzinə, sərhəd bölgələrində təxribatlar törədilir, revanşist qüvvələr baş qaldırır və silahlanma siyasəti davam etdirilir".
Deputat vurğuladı ki, Ermənistan Fransadan, Hindistandan müasir, hücum silahları alır: "Sülhə hazır olduğunu iddia edən bir dövlətin bu cür silahlanma siyasəti aparması suallar doğurur. Azərbaycan isə sülh müqaviləsinin imzalanmasını yalnız prinsipial tələblərin yerinə yetirilməsindən sonra mümkün hesab edir. Bu tələblər yerinə yetirilmədən sülhün əldə olunması qeyri-mümkündür".
Xumar Əhmədova
15:57 07.03.2025
Oxunuş sayı: 3872