Ermənistanın silahlanması bəşəriyyət qarşısında böyük bir cinayətdir

Ermənistan, 44 günlük müharibə nəticəsində itirdiyi hərbi potensialı bərpa etmək üçün Hindistanla müdafiə sahəsində əməkdaşlığını gücləndirir. 2020-ci ildə imzalanan müqavilə ilə başlayan əlaqələr, müdafiə naziri Papikyanın Hindistana səfəri ilə daha da irəliləyib. Hindistan artıq Ermənistanın əsas silah tədarükçüsünə çevrilib və bu əməkdaşlıq artmaqdadır.
Mövzu ilə bağlı politoloq Aydın Quliyev Crossmedia.az-a açıqlama verib: “Ermənistan strateji münasibətlərinin gərginləşdiyi Rusiyadan silah almaqdan imtina edərək, alternativ mənbələrə yönəlir. Rusiya ilə münasibətlərin pisləşməsi, Ermənistanın artıq Rusiyadan silah almasını əlverişsiz edir. Qərb müttəfiqləri qarşısında götürdüyü öhdəliklərə əsasən, Ermənistanın Rusiyadan silah alması artıq mümkün deyil. Rusiya isə özünün silah ehtiyacı ilə bağlı bəzi müqavilələri təxirə saldığını açıq şəkildə bəyan edib”.
Politoloqun sözlərinə görə bu şəraitdə, Ermənistan, Hindistan, Fransa, Yunanıstan və Kipr kimi ölkələrdən silah alışını artırır: “Ermənistanda alınan silahların müdafiə xarakterli olmasına baxmayaraq, onların ikili təyinatı olduğunu bildirirlər. Ermənistanın silahları əsasən hücum məqsədli olub, bununla da ölkənin hücuma, müharibəyə hazırlıq apardığı şübhə doğurmur. Ermənistanın sülh sazişi imzalamaqda çətinlik çəkməsi və Azərbaycanla barışa getməməsi, bölgədə davamlı sülhün əldə olunmasına maneə törədir. Bu vəziyyətdə, Hindistan və digər silah tədarükçüsü ölkələr, beynəlxalq təhlükəsizlik və sülh məsuliyyətlərini dərk etməlidir. Ermənistana silah təchizatı ilə bağlı siyasətləri dəyişməli, sülhün bərqərar olunmasına mane olan bu yanaşmadan əl çəkməlidirlər".
A.Quliyev onu da qeyd edib ki, beynəlxalq sülh və təhlükəsizlik üçün silah tədarükünü dayandırmamaq, həm Ermənistanın, həm də silah tədarük edən ölkələrin cinayət məsuliyyətini qarşısına qoyur. Ermənistanın silahlanması və sülhə xidmət etməməsi, bəşəriyyət qarşısında böyük bir cinayətdir. Bu səbəbdən, Ermənistanı silahlandıran ölkələr, beynəlxalq aləm və onun təhlükəsizliyi qarşısında məsuliyyət daşıyır.
Xumar Əhmədova
17:10 20.02.2025
Oxunuş sayı: 6022