“Azərbaycan idmanında növbəti uğurlu mərhələ başlayır”- Deputat

Azərbaycan son illərdə idman sahəsində qazandığı uğurlarla beynəlxalq arenada öz nüfuzunu daha da möhkəmləndirib. Xüsusilə, ölkəmizin idman dövləti kimi inkişafında və Olimpiya Hərəkatının güclənməsində Prezident İlham Əliyevin rolu danılmazdır. Dövlət başçısının idmana və idmançılara göstərdiyi davamlı diqqət və qayğı nəticəsində Azərbaycan beynəlxalq yarışlarda uğurla çıxış edir, idmançılarımız yüzlərlə medal qazanaraq bayrağımızı ucaldırlar. Prezident İlham Əliyevin yenidən Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri seçilməsi isə bu sahədə yeni bir inkişaf mərhələsinin başlanğıcıdır.
Milli Məclisin deputatı Könül Nurullayeva dövlət başçısının yenidən MOK prezidenti seçilməsi ilə bağlı fikirlərini Crossmedia.az-la bölüşüb:
"Prezident İlham Əliyevin yenidən MOK prezidenti seçilməsi ilə Azərbaycan idmanında, milli Olimpiya Hərəkatında növbəti uğurlu mərhələ başlayır. Ümumiyyətlə, son illər Azərbaycanın həm də idman ölkəsi kimi nüfuzu getdikcə artır. Bu sahədə də əldə etdiyimiz uğurlar birbaşa cənab Prezidentin adı ilə bağlıdır. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən İlham Əliyev Azərbaycan idmançılarına hər zaman diqqət və qayğı göstərib. 28 ildir davam edən bu proses uğurlu nəticələr verməkdədir. Təkcə ötən il Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmiş, 1700-ə yaxın medal qazanılmışdır. Cənab Prezidentin də söylədiyi kimi, bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir".
Deputat beynəlxalq idman yarışlarında Azərbaycan idmançılarının həmişə fərqləndiyini vurğulayıb:
"Prezident İlham Əliyev hər zaman bəyan edir ki, idman hər bir ölkənin qüdrətini əks etdirir. Çünki əgər beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha böyük uğurlar qazanırlar. Bu mənada Azərbaycanın idman dövləti kimi beynəlxalq nüfuzu getdikcə daha da artır.
Hazırda dünyada həm də idman sahəsində mövcud olan rəqabət mühitində Azərbaycan idmançıları da fərqlənir və bayrağımızı uca tutur. Prezident İlham Əliyevin də söylədiyi kimi, beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, eyni zamanda dövlətimizin qüdrətini nümayiş etdirirlər".
K. Azərbaycanın uğurlu idman siyasətindən danışıb: "Mütəmadi olaraq, dövlət başçısı ilə görüş, təltif və mükafatlandırmalar da idmançılarımız üçün böyük stimul olur. Prezident İlham Əliyevin də söylədiyi kimi, dövlət dəstəyi idmanın inkişafı ilə vəhdət təşkil edir. Azərbaycan həm də beynəlxalq idman qurumlarının rəğbətini qazanıb. Uğurlu idman siyasəti, olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir idman kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illərdə mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Təsadüfi deyil ki, beynəlxalq idman təşkilatlarının rəhbərləri yarışlarda nümunəvi təşkilatçılığa görə Azərbaycanı nümunə kimi təqdim edirlər.Ali baş komandan Azərbaycan gəncini vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli görmək istəyir. Dövlət başçımızın da bəyan etdiyi kimi, əgər iradə və peşəkarlıq varsa, Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar".
Ayhan Ağarzayev
10:58 20.02.2025
Oxunuş sayı: 8500