Ukrayna “tortu” bölünür, Zelenski hakimiyyətdən gedir - Bədbin proqnoz

Ağ Evin mətbuat katibi Kerolin Livitt "Fox News" telekanalına müsahibəsində bildirib ki, ABŞ-Rusiya danışıqları Ukraynada sülhə doğru atılmış ilk addım idi.
"Bu, Rusiya və Ukrayna arasındakı müharibədə sülhə doğru həqiqətən möhtəşəm addımdır", - o, deyib.
Livitt ABŞ administrasiyasının Ukrayna rəhbərliyi, eləcə də Avropa müttəfiqləri ilə əlaqə saxladığını və bütün tərəflərin fikrini eşitməyə çalışdığını qeyd edib.
"Sazişin razılaşdırılması və problemin həlli üçün münaqişənin hər iki tərəfi ilə danışmaq lazımdır", - Livitt əlavə edib.
Bu günlərdə Səudiyyə Ərəbistanında tərəflər arasında keçirilən görüşü bəz ekspertlər gələcək danışıqları təməli kimi qiymətləndirirlər.
Crossmedia.az- a açıqlama verən beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli də belə düşünür: "Görüş, xüsusilə Qərblə Rusiya arasında prinsipial məsələlər üzrə müəyyən razılaşmaların əldə olunması baxımından əhəmiyyətlidir. Bu razılaşmalar əsasən Ukrayna, Yaxın Şərq xəritəsi və gələcəkdə Çinlə bağlı mümkün addımlarla əlaqələndirilir. Gözlənilir ki, yaxın zamanda bu prosesin nəticələrini daha aydın müşahidə edəcəyik. Ukraynada keçiriləcək seçkilər nəticəsində Ukrayna Prezident Volodimir Zelenskinin hakimiyyətdən kənarlaşdırılması məsələsi gündəmdədir. Bununla yanaşı, ABŞ-Rusiya razılaşmasına qarşı çıxan Qərbi Avropa ölkələrinin yeni bir əsasda birləşmək cəhdləri var. Lakin bu səylər hələlik uğursuzluğa düçar olub və ciddi nəticələr vermir”.
Ekspertin sözlərinə görə, prosesdən kənarda qaldığı üçün ölkənin ərazisinin bölüşdürülməsi müzakirə obyektinə çevrilib: “ Bu vəziyyətdən narazı qalan Ukrayna, prosesi şantaj edərək Rusiyadan Avropaya gedən neft və qaz kəmərlərini hədəf almağa başlayıb. Eyni zamanda, Türkiyəyə səfərlər etməklə yeni maraq dairələri tapmağa çalışır. Bununla belə, bu səylərin uğurla nəticələnəcəyi ehtimal edilmir. “Bu proseslərin fonunda ABŞ və Rusiya arasında müxtəlif məsələlər üzrə əməkdaşlıq davam edəcək”.
Xumar Əhmədova
16:39 19.02.2025
Oxunuş sayı: 3857