Tramp Ukraynanı məğlubiyyətə aparır: Rusiyanın “əli gücləndirilir”

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ nümayəndələri ilə danışıqlar aparmaq üçün Ər-Riyada gedəcəyini təsdiqləyib. Lavrovun sözlərinə görə, görüş zamanı Ukrayna məsələsi, Yaxın Şərqdəki vəziyyət və digər qlobal problemlər müzakirə olunacaq. O bildirib ki, Rusiya tərəfi amerikalı nümayəndələrin təkliflərini dinləyəcək və buna uyğun reaksiya verəcək. Daha sonra bu barədə Kremlin rəhbərliyinə məruzə ediləcək.
Gözlənilən görüşü nəticələri barədə Crossmedia.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Ukrayna ətrafında formalaşan mövqelər dəyişir: “ Avropa ölkələri, xüsusən də Avropa İttifaqı (Aİ) prosesdən kənarda qalır. ABŞ Prezidenti Donald Tramp isə artıq Ukrayna mövzusunda konkret addımlar atmağa başlayır. Onun siyasəti Ukraynanın müdafiəsini zəiflədə, hətta ölkədə böyük fəlakətə səbəb ola bilər".
Politoloq Trampın Ukraynaya maliyyə yardımlarını kəsməsi və hərbi dəstəyi dayandırmasının müharibənin gedişatına necə təsir edəcəyini də toxunub:
"Əgər burada ciddi vasitəçilər olmazsa- məsələn, Avropanın aparıcı ölkələri, Böyük Britaniya və digərləri aktiv mövqe sərgiləməzsə, Trampın olduğu yerdə sülhün bərqərar olması çətin görünür. Hesab edirəm ki, Trampın siyasəti Ukraynaya olan dəstəyi zəiflətməklə, əslində, Rusiyanın mövqeyini gücləndirir. O, Ukraynaya maliyyə yardımlarını azaltmaqla yanaşı, hərbi yardımı da kəsərsə, bu, Rusiyanın nəfəs almasına və öz qüvvələrini yenidən toparlamasına şərait yarada bilər".
Q.Hüseynli qeyd edib ki, Ukrayna xalqı çox çətinliklərdən keçib və bu müharibədə məğlub olmağa hazır deyil: " Bəzi güclər Ukraynanı parçalamaq istəyirsə belə, bu, asanlıqla baş verməyəcək. Ukrayna həm hərbi sənaye kompleksini gücləndirib, həm də istehsal proseslərini artıraraq müharibədə müqavimətini davam etdirir. Ukrayna xalqı öz ölkəsini qorumaq üçün əzmlidir və bu səbəbdən də hər hansı işğal planı uğursuzluğa düçar olacaq. Trampın siyasəti Ukraynaya mənfi təsir edə bilər. Çünki o, əsasən iqtisadi maraqlara əsaslanan bir liderdir və hər şeyə biznes gözü ilə baxır. Bununla belə, Ukrayna xalqının dirənişi və Qərbin müəyyən dairələrinin dəstəyi sayəsində bu planların reallaşması mümkün deyil".
Fidan Xəlilova
22:07 17.02.2025
Oxunuş sayı: 4568