Tələbələr Radiasiya Problemləri İnstitutunda istehsalat təcrübəsi keçəcək




Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) istehsalat təcrübəsi keçəcək ali təhsil müəssisələrinin tələbələri ilə görüş keçirilib.
Crossmedia.az Radiasiya Problemləri İnstituna istinadla xəbər verir ki, tədbir Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayevin iştirakı ilə keçirilib.
İclası giriş sözü ilə açan Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev təcrübə proqramlarına qatılan tələbələrə uğurlar arzu edib, onların təcrübə müddətini faydalı və mənalı şəkildə keçirmələrini, institutun imkanlarından maksimum yararlanmağa çalışmalarını vurğulayıb.
Həmçinin, o Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Dövlət Neft və Sənaye Universitetinin bakalavr tələbələrinin Radiasiya Problemləri İnstitutunda istehsalat təcrübəsi keçməsinin onlara praktiki biliklər əldə etmək, elm və texnologiyanın inkişafı sahəsində təcrübə toplamaq baxımından çox faydalı olduğunu diqqətə çatdırıb.
Daha sonra, RPİ-nin icraçı direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva tələbələrə radiasiya təhlükəsizlik qaydalarına riayət olunmasına diqqət edilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda institutun tarixi, elmi-tədqiqat istiqamətləri haqqında məlumat verib.
Qeyd edək ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Dövlət Neft və Sənaye Universitetinin bakalav pilləsi üzrə təhsil alan tələbələri Radiasiya Problemləri İnstitutunda 3 ay müddətində istehsalat təcrübəsi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistrantları isə Radiasiya Problemləri İnstitutunun elmi-tədqiqat laboratoriyalarında 1 ay müddətində elmi-tədqiqat təcrübəsində olacaqlar.
Nəzrin Salmanova
16:57 17.02.2025
Oxunuş sayı: 22047