Putinin qələbə planı: Zelenski Trampı "oyunun fiquru" adlandırdı

Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı rusiyalı həmkarl Vladimir Putinin Ukraynanı danışıqlardan kənarlaşdıraraq müharibənin həlli ilə bağlı ABŞ-la birbaşa ikitərəfli danışıqlar aparmaq niyyətində olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, Putin son vaxtlar özünü ABŞ dövlət başçısı Donald Trampa bərabər göstərməyə və Rusiyanı ABŞ-la müqayisə olunacaq qlobal güc, eləcə də Sovet İttifaqının "supergüc" statusunun varisi kimi təqdim etməyə çalışır.
Zelenski vurğulayıb ki, Putin Trampı utandırmaq və onu 9 mayda keçirilən Rusiya Qələbə Paradına "dekorasiya" kimi qatılmağa məcbur etmək istəyir. Bu parad İkinci Dünya müharibəsində Nasist Almaniyasına qarşı qazanılmış qələbədə Rusiyanın rolunu nümayiş etdirir.
Zelenskinin bu xəbərdarlığı, rusiyalı müxalifət mediası "Meduza"nın Kremlin Rusiya dövlət mediasına Tramp haqqında məlumatları azaltmağı və əvəzində Putini güclü və qətiyyətli lider kimi təqdim etməyi tapşırdığı barədə yayımladığı məlumatla üst-üstə düşür. Kremlin həmçinin, fevralın 12-də baş tutan Putin-Tramp telefon danışığını Putinin qələbəsi kimi göstərməyə çalışdığı bildirilir.
Zelenski həmçinin bildirib ki, Tramp digər Avropa dövlətlərinin danışıqlarda iştirak perspektivini müzakirə etməyib və Ukrayna ilə bütün Avropa birlikdə Putinə qarşı vahid mövqe sərgiləməlidir. O vurğulayıb ki, Avropa öz gələcəyi barədə qərarlarda mütləq iştirak etməlidir.
Kreml uzun müddətdir ki, ABŞ-ı Ukrayna məsələsində yeganə mühüm aktor kimi təqdim etməyə çalışaraq, Ukraynanın gələcək danışıqlarda mövqeyini zəiflətmək və ABŞ-ı Ukraynanın maraqlarını görməməzlikdən gəlməyə inandırmaq üçün zəmin yaradır. Bütün bunlar isə ehtimal ki, Rusiyanın xeyrinə ciddi güzəştlər tələb etmək məqsədi daşıyır.
Zelenski, həmçinin xəbərdarlıq edib ki, Rusiya 15 yeni diviziya formalaşdıracaq və Belarusda keçiriləcək hərbi təlimlərdən NATO-ya təzyiq göstərmək üçün istifadə edəcək.
Nabat Fərzəliyeva
11:45 16.02.2025
Oxunuş sayı: 3554