Tramp Putinlə razılaşır, bütün Ukrayna Rusiyanın olur?

Ukraynanın ABŞ Prezidenti Donald Trampın şərhindən sonra narahat olmaq üçün hər cür əsası var.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın Rusiya ilə aparacağı sülh danışıqlarından əvvəl xəyanətə uğradığına dair qorxular artır. Trampın “qeyri-adi düşüncə tərzinə malik olduğu” artıq bir klişeyə çevrilsə də, onun Ukraynadakı müharibəni bitirmək üçün yeni yanaşma gətirə biləcəyi ehtimal olunur.
Lakin narahatlıq doğuran məqamlar var. Tramp, Ukrayna və Rusiyanın danışıqlarda bərabər tərəfdaş olub-olmadığı sualına açıq cavab verməkdən çəkinib. O, sadəcə olaraq "Hmm, maraqlı sualdır" deyərək mövzunu keçib.
Ukraynalılar artıq danışıqlardan əvvəl torpaqlarının bir hissəsini itirəcəkləri fikri ilə üzləşirlər. Onlar bunu 1938-ci ildə Çexoslovakiyanın Sudet vilayətini Hitlerin təzyiqi altında ona təhvil verməsi ilə müqayisə edirlər. Həmin vaxt da “bu addım müharibənin qarşısını alacaq” deyilsə də, tarixin sonrakı gedişatı bunun tam əksini göstərdi.
Daha qorxulusu isə Trampın Vladimir Putinə etibar etməyə hazır görünməsidir. O, Rusiyanın dövlət başçısının “müharibəni bitirmək istədiyi” fikrini irəli sürərək, bunun kifayət edəcəyini düşünür. Halbuki Putin açıq şəkildə bildirib ki, Ukraynanın yalnız bir hissəsi ilə kifayətlənmir – o, bütün ölkəni Rusiyanın tərkib hissəsi hesab edir.
Üstəlik, Tramp NATO-nun Avropadakı mövcudluğunun azaldılması ilə bağlı Putinin 2021-ci ildə irəli sürdüyü tələblərə də güzəştə gedir. Halbuki, o, öz kitabında – The Art of the Deal – “Leverage (danışıqlarda üstünlük) hər şeydir” yazmışdı.
Bütün bunlar isə Vaşinqtonun Rusiyaya qarşı mövqeyində ciddi zəifləməyə işarə edir.
Nabat Fərzəliyeva
12:16 15.02.2025
Oxunuş sayı: 4252