BBC Zelenskinin ən böyük qorxusunu açıqladı...

ABŞ yeni rəhbərlik altındadır. Ukrayna Prezidenti Volodimir Zelenski yeni dövlət başçısı Donald Trampın dünyasının daha soyuq, qeyri-müəyyən və potensial olaraq daha təhlükəli bir yer olduğunu anlayan ABŞ müttəfiqlərinin artan siyahısına qoşulur.
Crossmedia.az xəbər verir ki, bu barədə BBC yazıb.
Bildirilib ki, Trampın 90 dəqiqəlik telefon danışığı ilə rusiyalı həmkarı Vladimir Putini beynəlxalq diplomatiyaya qaytarması və onunla mümkün bir görüş planlaşdırması Zelenski üçün kifayət qədər xoşagəlməz xəbər idi. Sonra isə Ağ Ev onun nömrəsini yığdı. Səhər jurnalistlər qarşısına çıxan Zelenski Putinin ilk zəng alan şəxs olmasını qəbul etdiyini desə də, "bu, o qədər də xoş deyil" ifadəsini işlətdi.
Lakin onu daha çox incidən Trampın Ukraynanı sülh prosesində ikinci dərəcəli bir tərəf kimi görməsi idi. Zelenskinin ən böyük qorxularından biri Tramp və Putinin Ukraynanın taleyini təkbaşına həll etməsidir. O, açıq şəkildə bildirdi ki, Ukrayna öz iştirakı olmadan edilən heç bir razılaşmanı qəbul edə bilməz.
Amerikalıların Zelenskiyə verəcəyi mesaj isə Ukraynanın gerçək vəziyyətlə üzləşməsi zərurətidir. Onlar deyəcəklər ki, Ukrayna uduzur və reallığı qəbul etməlidir. Zelenski isə tam əksinə, lazımi dəstəyin verilməsi halında Ukraynanın qələbə qazana biləcəyini iddia edəcək.
Avropa İttifaqı da narahatdır. Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Ukrayna müdafiə naziri Rüstəm Umerovla görüşdükdən sonra Avropanın danışıqlarda mərkəzi rol oynamalı olduğunu vurğulayıb.
Zelenski çox yaxşı anlayır ki, avropalı müttəfiqləri daha sədaqətli səslənsə də, ABŞ hələ də dünyanın ən güclü hərbi qüvvəsinə sahibdir. O, ötən həftə "The Guardian"a verdiyi müsahibədə açıq şəkildə bildirdi: "Amerikasız təhlükəsizlik təminatları real təminatlar deyil."
Avropa ölkələri ümumilikdə Ukraynaya ABŞ-dan daha çox maliyyə yardımı verib. Lakin ABŞ-ın təmin etdiyi "Patriot" raket sistemləri kimi kritik hərbi texnologiyanı Avropa verə bilmir.
Putin isə yaranan vəziyyətdən razıdır. Bayden administrasiyası onu "qatı zorakı", "amansız tiran" və "qatil diktator" adlandırmış, 2022-ci ildəki işğaldan sonra onunla əlaqələri kəsmişdi. Tramp isə dünənki Putinlə danışığını "müsbət" qiymətləndirərək səhər tezdən sosial şəbəkədə "Rusiya və Ukrayna ilə möhtəşəm danışıqlar" apardığını yazdı və "bu qorxunc, çox qanlı müharibəni bitirmək üçün yaxşı imkan var!!!" ifadəsini işlətdi.
Trampın dedikləri isə Putin üçün daha da ruhlandırıcı oldu. O, işğal etdiyi torpaqları saxlamaq haqqına sahib olduğunu əsaslandırmaq üçün Rusiya ordusunun böyük itkilər verdiyini önə çəkdi.
Nabat Fərzəliyeva
18:44 14.02.2025
Oxunuş sayı: 3735