Güllərə tələsib, kitaba gecikənlər- FOTOLAR





14 fevral… Dünyanın bir çox yerində bu gün “Sevgililər günü” kimi qeyd edilir. Lakin bu gün tək sevgililər günü deyil həm də – “Beynəlxalq Kitab Bağışlama Günü”dür.
Bəs insanlar 14 fevralda hansı hədiyyəyə üstünlük verirlər – onları bambaşqa dünya ilə tanış edən kitaba, yoxsa romantika simvoluna çevrilmiş güllərə?
Bu suala cavab tapmaq üçün Crossmedia.az olaraq paytaxt sakinləri arasında “Bu gün nə günüdür?” deyə sorğu keçirdik.
Sorğuda iştirak edən 23 nəfərdən 12-si yalnız “Sevgililər günü” olduğunu, 7 nəfər “Beynəlxalq Kitab Bağışlama Günü”olduğunu, digər 4 nəfər isə ümumiyyətlə bu günün hansı xüsusi gün olduğunu bilmədi.
Cavablar maraqlı idi, amma yetərli deyildi. Kitabın bu gündəki yerini anlamaq üçün yolumuzu bir kitab dükanına saldıq. İçəridəki mənzərə ürəkaçan deyildi. Rəflər dolu olsa da, dükan təmiz boş idi. Satıcı qadına: “Bu gün satılan kitabların sayı adi günlərlə müqayisədə necədir?” – deyə sual verdim. Satıcı qadın “Adi günlərdə də kitab alan çox deyil, amma bu gün vəziyyət daha da pisdir. Səhərdən bəri cəmi bir nəfər kitab alıb”. Deyə cavab verdi.
Kitab bağışlanacaq ən gözəl hədiyyələrdəndir. Bir insana kitab bağışlamaq ona yeni bir dünya, fərqli bir baxış bucağı, bəlkə də gizli qalmış bir ümid hədiyyə etməkdir. Amma görünən o idi ki, insanlar bu seçimi ümumiyyətlə xatırlamayıb. Bəlkə də istəməyib.
Bəs nə alıblar?
Marağıma güc gələ bilmədim və kitab dükanının yaxınlığında yerləşən bir gül salonuna yollandım. Buradakı mənzərə tamam başqa idi. İçəridə izdiham vardı – bir-birinin ardınca gül seçənlər, əllərində buketlər, tez-tez saatına baxanlar… Hər kəsin tələsdiyi açıq-aşkar hiss olunurdu. Kitab dükanındakı sakitlik və gül salonundakı izdiham arasında aydın bir həqiqət vardı: insanlar sevgilərini səhifələrlə deyil, gül ləçəkləri ilə ifadə etməyə üstünlük veriblər.
Ayhan Ağarzayev
18:36 14.02.2025
Oxunuş sayı: 6667